...

İşaxtaranlar, əmək kvotasından xəbəriniz varmı?

Cəmiyyət Materials 4 Noyabr 2015 08:00 (UTC +04:00)
Hazırda Azərbaycanda əmək kvotasından istifadə etmək hüququ verilən şəxslər - əlillər, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar arasında daha çox əlillər həmin kvotadan faydalanırlar.
İşaxtaranlar, əmək kvotasından xəbəriniz varmı?

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Hazırda Azərbaycanda əmək kvotasından istifadə etmək hüququ verilən şəxslər - əlillər, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar arasında daha çox əlillər həmin kvotadan faydalanırlar.

Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, kvota üzrə iş yerləri ilə təmin edilmək üçün məşğulluq mərkəzlərinə daha çox əlilliyi olan şəxslər müraciət edirlər: "Kvota üzrə iş yerləri ilə təmin edilənlərin əksəriyyəti də həmin şəxslər olur. Məsələn, cari ilin ötən dövründə məşğulluq mərkəzləri tərəfindən kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilənlərin 31,4 faizini məhz əlilliyi olan şəxslər təşkil edib".

Azərbaycanda əlillər, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təminatı üçün ayrılan əmək kvotasının artırılması məsələsinə gəldikdə, E.Babayev qeyd edib ki, hazırda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təminatı üçün qanunvericilikdə müəyyən olunan kvota yerlərinin miqdarı kifayət qədərdir. Buna görə də onların artırılmasına ehtiyac yoxdur.

Nazirlik rəsmisinin sözlərinə görə, "Məşğulluq haqqında" qanunda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyaları müəyyən edilib. Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na uyğun olaraq, həmin kateqoriyalardan olan şəxslər üçün müəssisələrdə kvota üzrə iş yerlərinin ayrılması həyata keçirilir.

E.Babayev əlavə edib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin ayrılmış kvota üzrə iş yerlərində işlə təmin edilməsinə il ərzində nəzarət həyata keçirilir: "Məşğulluq mərkəzləri tərəfindən göndərilən müvafiq şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyənlərlə, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məşğulluq mərkəzlərinə müvafiq forma üzrə aylıq hesabatları təqdim etməyənlərlə bağlı aidiyyəti üzrə inzibati tədbirlər görülür. Bununla yanaşı, bir sıra hallarda qeyd olunan kateqoriyalara aid bu və ya digər şəxs kvota üzrə ayrılmış iş yerinə göndərildikdə ayrılmış kvota iş yeri üzrə tələb olunan peşə bacarıqlarına malik olmaması səbəbindən onun işə qəbul edilməməsi halları olur ki, belə hallarda həmin şəxs müvafiq peşəyə yiyələnməsi üçün peşə hazırlığına cəlb edilir".

Qeyd edək ki, Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası"na əsasən, kvota şamil edilməyən 5 müəssisədən biri dövlət orqanlarıdır.

Bunun yuxarıda adları çəkilən şəxslərin işlə təminatı imkanlarının azalda bilməsi məsələsinə gəldikdə, E.Babayev deyib ki, kvotanın ayrılması qaydası işə qəbulun "Dövlət qulluğu haqqında" qanunla tənzimləndiyi dövlət orqanlarına şamil edilmir: "Hazırda bu orqanlarda işləyən dövlət qulluqçularının sayı təqribən 30 min nəfərdir ki, bu da məşğul əhalinin çox cüzi bir hissəsini təşkil edir. Ona görə də kvota ayrılması qaydasının həmin dövlət orqanlarına şamil edilməməsi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kvota üzrə iş yerləri ilə təminatı baxımından hansısa təsirə də malik deyil. Digər tərəfdən, dövlət mülkiyyətində olan digər müəssisələrdə kvotanın ayrılması qaydası həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti