...

Azərbaycanda dəfn mərasimlərinin icrası üçün maliyyə vəsaiti veriləcək

Cəmiyyət Materials 19 Noyabr 2015 15:46 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırladığı “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn mərasimlərini həyata keçirmək üçün insanlara maliyyə vəsaitinin verilməsi də daxil edilib.
Azərbaycanda dəfn mərasimlərinin icrası üçün maliyyə vəsaiti veriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırladığı "Məzar yerləri və məzarlıqlar haqqında" qərar layihəsində dəfn mərasimlərini həyata keçirmək üçün insanlara maliyyə vəsaitinin verilməsi də daxil edilib.

Bunu Trend-ə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O, qeyd edib ki, layihədə gələcəkdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə insanlara dəfn mərasimlərini həyata keçirmək üçün vəsaitin verilməsi məsələsi də öz əksini tapıb: "Burada söhbət yardım göstərməkdən gedir. Bu vəsait ehsan vermək üçün deyil, dəfni icra etmək üçün nəzərdə tutulur".

Komitə sədri əlavə edib ki, layihədə məzarlıqlarla bağlı bir çox məsələlər - məzar yerlərinin ayrılması, onların ölçüləri, büstü, onların ölçüləri, qəbirlərarası məsafələr, qəbiristanlıqla yaşayış məntəqələri arasında məsafələr, dəfn mərasimləri, qəbiristanlıqda dəfn mərasimlərinin icrası və s. öz əksini tapıb.

M.Qurbanlı deyib ki, məzarların saxlanılması və s. üçün nəzərdə tutulan rüsumun məbləği çox cüzi olacaq: "Rüsumun məbləği qərar layihəsində göstərilməyib. Ancaq söhbət çox da böyük rüsumlardan getmir. Əgər şəhid ailəsi, şəhid olan vətəndaş, kimsəsiz insan olacaqsa, ona görə heç bir rüsum olmayacaq. Bu cür hallar layihədə nəzərə alınıb".

Qərar layihəsinə pullu qəbiristanlıqların yaradılması məsələsinin daxil edilməməsinin səbəbini iki əsas amillə izah edən M.Qurbanlı deyib ki, İslamda "pullu qəbiristanlıq" anlayışı yoxdur. Bu məsələ Azərbaycanın qanunlarında da öz əksini tapmayıb: "Hesab edirəm ki, məzarlıqlar pullu ola bilməz. Məzarlıqlar vətəndaşlara pulsuz verilir və bundan sonra da belə olmalıdır".

M.Qurbanlı hazırda qərar layihəsinə Nazirlər Kabineti tərəfindən baxıldığını da deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti