...

Qala qəsəbəsində tullantılar fərqli üsulla yığılır (FOTO+VİDEO)

Cəmiyyət Materials 24 Noyabr 2015 16:02 (UTC +04:00)
Bakının Qala qəsəbəsində məişət tullantıları əhalinin də iştirakı ilə çeşidlənərək yığılır.
Qala qəsəbəsində tullantılar fərqli üsulla yığılır (FOTO+VİDEO)

Bakı. Trend:

Bakının Qala qəsəbəsində məişət tullantıları əhalinin də iştirakı ilə çeşidlənərək yığılır. Qəsəbədə tullantıların yığılması və daşınması prosesində son texnologiyadan istifadə olunur.

Bu dəfə isə tullantının daşınmasına peşəkar nəzarətin artırılması məqsədi ilə qaynar xətt telefon xidməti istifadəyə verilib. Artıq, qəsəbə sakinləri tullantı ilə bağlı qarşılaşdıqları istənilən məsələ ilə bağlı 464-42-42 nömrəsi ilə əlaqə saxlayaraq məsələnin dərhal həllinə nail ola biləcək.

Bu xidmət Qala qəsəbəsində "Təmiz Qala" pilot layihəsi çərçivəsində göstərilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC-nin həyata keçirdiyi layihə ilə qəsəbədə tullantıların toplanması fərqli üsulla aparılır.

ASC-nin mətbuat xidmətindən Ttrend-ə verilən məlumata görə, Qalada küçələrə göy və yaşıl rəngli tullantı qutuları yerləşdirilib ki, əhali məişət tullantılarını 2 yerə bölərək üzvi (qida) tullantılarını bir, qeyri-üzvi (qeyri-qida) tullantıları digər rəngdəki qutulara atır. Həmin qutuları da yalnız uyğun rəngdəki tullantı avtomobilləri ayrı şəkildə yığaraq "Təmiz Şəhər" ASC-nin Balaxanıda yerləşən tullantıların çeşidlənməsi zavoduna daşıyır. Bu cür çeşidlənərək yığılan tullantının təkrar emal zamanı məhsuldarlığı daha çox olur.

Bundan əlavə, "Təmiz Qala" layihəsi çərçivəsində Qala qəsəbəsində Dispetçer xidməti və Loqistika və planlaşdırma mərkəzi yaradılıb. Mərkəzdə meydançaların və konteynerlərin yerini elektron xəritədə qeyd edən, optimal marşrutları təmin və idarə edən, təhlillər aparan və hesabatlar tərtib edən "Route Optimisation by Tamiz Shahar" xüsusi proqram təminatından və avtomaşınların marşrutlarla hərəkətlərini canlı izləmək və tarixçəsinə baxmaq üçün GPS İzləmə Sistemindən istifadə edilir.

Qeyd olunan texnika vasitəsilə "Təmiz Şəhər" ASC Qalada meydançalarda əmələ gələn tullantıların illik, rüblük və aylıq, həmçinin fəsillərə uyğun daşınmanı planlaşdırır. Həm bu proqramlar, həm mümkün ani dəyişikliklər barədə məlumat tullantı avtomobillərində quraşdırılmış planşetlərə ötürülür və sürücülər həmin məlumat əsasında hərəkət edirlər. Həmçinin, sürücülər də qarşılaşdığı hansısa problemləri kabinələrdəki GPS-danışıq sensorları ilə dispetçerə ötürə bilir.

"Təmiz Şəhər" ASC bu sistemlə Qalada tullantıların toplanması və daşınmasına hərtərəfli və interaktiv nəzarəti təmin edir. Marşutun optimallaştırılması işçi heyətinin düzgün paylanmasına və yanacağın sərfəli istifadəsinə şərait yaradır.

"Təmiz Qala" layihəsi ilə bağlı 2 video təqdim edirik:

1) "Təmiz Qala" filmi:

2) Qala qəsəbəsində tullantıların idarə edilməsi sistemi:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti