Bakı. Samir Əli - Trend:
Bu gün ev dustaqlığına buraxılmış Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə istintaq davam etdirilir. Bunu Trend-ə R.Səfərovun vəkili Bəhruz Bayramov deyib.
B.Bayramov bildirib ki, müvəkkilinin ev dustaqlığına buraxılması tədqirəlayiq qərardır.
Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.
Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.
R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.