...

İsrail Azərbaycanın tolerantlıq mühitini təbliğ edir

Cəmiyyət Materials 29 Yanvar 2016 12:35 (UTC +04:00)
Yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin Cəmiyyət üçün Beynəlxalq Layihələr qeyri-hökümət təşkilatının rəhbəri Ari Qutu qəbul edib.
İsrail Azərbaycanın tolerantlıq mühitini təbliğ edir

Bakı. Trend:

Yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin Cəmiyyət üçün Beynəlxalq Layihələr qeyri-hökümət təşkilatının rəhbəri Ari Qutu qəbul edib.

QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, həmçinin hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan Şeyxülislam A.Paşazadə ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb. O vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda dini dözümlülük ənənələrindən danışan Şeyxülislam A.Paşazadə deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heç bir vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını qonağın diqqətinə çatdırıb.

QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsini əhəmiyyətli hal kimi dəyərləndirərək, Azərbaycanda bunun gündəlik həyat tərzi olmasından qürur duyduğunu bildirib.

Azərbaycanda olmasından məmnunluq duyduğunu bildirən A.Qut Azərbaycanda hökm sürən dinlərarası dialoq və əməkdaşlığın olduqca qiymətli dəyər olduğunu və bu dəyərin Azərbaycanın dünya çapında vizit kartına çevrildiyini xüsusi vurğulayıb. O, antisemitizm təzahürlərinin heç bir zaman mövcud olmadığı Azərbaycanın beynəlxalq münasibətlər sistemində multikulturalizm dəyərlərinin fəal təbliğatçısı kimi çıxış etməsini əhəmiyyətli hal kimi səciyyələndirib. O bildirib ki, bu işdə Azərbaycanın dövlət rəhbərinin, habelə dini icma rəhbərlərinin rolu təqdirə layiqdir.

İsrailli qonaq Azərbaycanın tolerantlıq mühitinin öyrənilməsi və təbliği işi üçün rəhbəri olduğu QHT tərəfindən həyata keçirilən tədbirlər barədə, keçən il təşəbbüsləri ilə ölkəmizdə hazırlanmış və geniş ictimaiyyətin böyük maragına səbəb olmuş film barədə QMİ sədrinə ətraflı məlumat verib.

Yaxın vaxtlarda bu qəbildən olan daha bir layihə gerçəkləşdirəcəklərini qeyd edən A.Qut, dünyanı radikallaşma, dözümsüzlük mərəzi bürüdüyü bir zamanda Azərbaycanda multikulturalizmin nümunəvi səviyyəsini, habelə Şeyxülislam A. Paşazadənin Azərbaycandakı digər ənənəvi dini liderlərlə uğurlu əməkdaşlıq təcrübəsini, habelə Qafqaz və MDB çərçivəsində nüfuzlu dini lider olaraq dinlərarası dialoq prosesinə verdiyi töhfələri işıqlandırmaq niyyətində olduğunu bildirib.

Qonaq diqqətə çatdırıb ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin və müxtəlif məzhəb daşıyıcılarının dostluq, qardaşlıq şəraitində yaşamaları, tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi, xristian məbədlərinin bərpası və təmiri - bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.

QMİ sədri tanınmış beynəlxalq ekspertin Azərbaycan həqiqətlərini, dini icmaların real həyatlarını olduğu kimi təbliğ etməsini, habelə Azərbaycan diasporası ilə əməkdaşlığını yüksək dəyərləndirdiyini vurğulayıb. Şeyxülislam A.Paşazadə görüşdə iştirak edən Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayevin də Azərbaycan reallıqlarının, dini tolerantlıq mühitinin dünyada yüksək səviyyədə təbliğində böyük rolu olduğunu qeyd edərək, ona öz təşəkkürünü bildirib.

Görüşün sonunda QMİ sədri qonağa xatirə hədiyyəsi təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti