...

Vəkil Mehman Səlimova bəraət istədi (YENİLƏNİB)

Cəmiyyət Materials 15 Aprel 2016 12:54 (UTC +04:00)
Bakı. Samir Əli - Trend:
Vəkil Mehman Səlimova bəraət istədi (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən, sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, M.Səlimovun vəkili müdafiə çıxışı edib.

Vəkil Mehman Səlimova bəraət istəyib.

Prosesdə Müdafiə Nazirliyinin nümayəndəsi çıxış edərək bildirib ki, nazirlik dəymiş ziyanın tamamilə ödənilməsini istəyir.

Mehman Səlimovun vəkili isə çıxışında deyib ki, müdafiə etdiyi şəxs barəsində verilən ittihamlar heç biri istintaq dövründə və məhkəmə prosesində sübuta yetirilməyib: "Biz bunula bağlı dəfələrlə ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırsaq da, vəsatətlər təmin edilməyib. İstintaq heç nəyi sübuta yetirə bilməyib. Heç bir məhkəmə ekspertizası keçirilməyib. Bütün sübutlar hüquqa ziddir. Buna görə də Mehman Səlimova bəraət verilsin. Digər tərəfdən, Mehman Səlimov ağır hipertoniya və şəkər xəstəliyindən əziyyət çəkir. Həbs olunduğu vaxtdan indiyə qədər Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. O işləyərkən xidmətinə görə "Azərbaycan bayrağı" ordeni və digər mükafatlarla təltif edilib. Həmçinin, o müharibə veteranıdır. Belə bir şəxsin sübutsuz həbs edilməsini qanunsuz hesab edirik".

Aprelin 22-də M.Səlimov məhkəmədə son söz deyəcək.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı təqsirləndirlən şəxs M.Səlimovun barəsində 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının çıxarılmasını istəmişdi.

M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti