...

Leyla Əliyeva hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb

Cəmiyyət Materials 18 Aprel 2016 16:33 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hamını kəsi mayın 1-də Fondun təşəbbüsü ilə keçiriləcək Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb.
Leyla Əliyeva hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hamını mayın 1-də Fondun təşəbbüsü ilə keçiriləcək Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb.

Trend-in məlumatına görə, Leyla Əliyeva "İnstaqram" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıram!".

Bakı Marafonu 2016-da iştirak etmək üçün artıq yüzlərlə şəxs qeydiyyatdan keçib.

Xatırladaq ki, marafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyat üçün paytaxtdakı "28 Mall", "Port Baku Mall" ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə müraciət etmək olar.

İştirakçı olmaq istəyənlər qeydiyyat formasını doldurmalı, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməli və iştirak üçün müəyyən olunan vəsaiti ödəməlidirlər.

Bundan başqa, Bakı Marafonu 2016-nın saytında (www.bakumarathon.az) onlayn olaraq da qeydiyyatdan keçmək mümkündür.

Fiziki şəxslər 20 AZN, korporativ şirkət adından iştirak edənlər isə 100 AZN ödəməlidirlər.

Qeyd edək ki, tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəmə etmirlər. Bunun üçün ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə yaxınlaşmaq, qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi ilə yanaşı, tələbə biletinin surətini də təqdim etmək lazımdır.

Qeydiyyat aprelin 25-dək davam edəcək.

Dövlət Bayrağı Meydanından start götürəcək yarım marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Yarışın fan zonası da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçıları müxtəlif əyləncə, konsert və digər şənliklər, oyunlar, lotereyalar və s. gözləyir.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti