...

“Formula-1”in idmançılarına əsas tibbi xidmətlər Mərkəzi Neftçilər Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə göstəriləcək

Cəmiyyət Materials 27 Aprel 2016 12:56 (UTC +04:00)
Mərkəzi Neftçilər Xəstəxanası (MNX) “Formula-1” yarışı dövründə idmançılara və onların heyətlərinə tibbi xidmətlərin göstərilməsi üçün əsas kliniki xəstəxana kimi istifadə olunacaq.
“Formula-1”in idmançılarına əsas tibbi xidmətlər Mərkəzi Neftçilər Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə göstəriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Mərkəzi Neftçilər Xəstəxanası (MNX) "Formula-1" yarışı dövründə idmançılara və onların heyətlərinə tibbi xidmətlərin göstərilməsi üçün əsas kliniki xəstəxana kimi istifadə olunacaq.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri Raud Əsədov deyib.

Onun sözlərinə görə, "Formula 1" Avropa Qran Prisinin tibbi direktoru Azərbaycana gələrək bir necə xəstəxanaya - Klinik Tibbi Mərkəzə, Yanıq Mərkəzinə, özəl klinikalara və digər müəssisələrə baxış keçirib: "MNX çox profilli klinika olduğundan bizim müəssisə əsas klinika kimi seçildi. Bizim xəstəxanada peşəkar neyrocərrahların, travmatoloqların, ortopedlərin, radiocərrahların və s. həkimlərin, təcili tibbi yardım sisteminin olmasını nəzərə alınaraq, qərar verildi ki, bu xəstəxana "Formula-1" yarışı üçün əsas kliniki xəstəxana kimi istifadə olunsun".

R.Əsədov qeyd edib ki, "Formula-1" yarışı dövründə bu xəstəxana əsasən, Bakıya gələn idmançılara, onların heyətlərinə xidmət göstərəcək. Amma bununla yanaşı, Kliniki Tibbi Mərkəz də bu xidmətlərin təşkili üçün nəzərdə tutulub: "Tibbi xidmətlərə bu iki klinika cəlb edilib. Əsas bizim klinika olacaq, amma hər hansı gözlənilməz hadisə olarsa, çoxsaylı yaralılar olarsa, onda Kliniki Tibbi Mərkəz də bu prosesə cəlb olunacaq".

R.Əsədov bildirib ki, Beynəlxalq Avtomobil Federasiyasının tələblərindən biri də MNX-da yanıq mərkəzinin deyil, təcili hallar üçün yanıq palatasının yaradılması olub.

Artıq bu palatanın yaradıldığını deyən R.Əsədov burada təmir işlərinin bitdiyini söyləyib.

Onun sözlərinə görə, mayın 15-20-də bu palata üçün ən son müasir tələblərə cavab verən tibbi avadanlıqlar Bakıya gətiriləcək: "Həmin avadanlıqlar yanığa qarşı xüsusi vannalar və s-dir. Hadisə baş verərsə, sınıqla yanaşı, yanıq da varsa, biz xəstəni burada yerləşdiriəcəyik. Yanıq həkimləri ilə yanaşı, neyrocərrahlar və digər həkimlər də lazım olduqda həmin xəstənin müalicəsində iştirak etsinlər. Yanıq Mərkəzi xüsusi olaraq, yanıqla əlaqədardır, orada nə xüsusi olaraq neyrocərrahlar, nə ortoped, nə travmatoloq var".

R.Əsədov əlavə edib ki, MNX-nın tibbi personalı - reanimasiya şöbəsinin 2 həkimi və 2 tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində 1 aylıq təlimdə olaraq belə xəstələrə ilk 48-72 saat ərzində hansı formada tibbi yardımın göstərilməsinin vacibliyi barədə məlumatlandırılıblar: "Bundan əlavə, Səhiyyə Nazirliyinin vasitəsilə Türkiyədən professor dəvət edilib. O, hazırda Bakıda tibbi personal üçün təlimlər keçir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti