...

Azərbaycanda Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb

Cəmiyyət Materials 1 May 2016 06:16 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Republikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradıldı.
Azərbaycanda Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Republikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradıldı.

Yarandığı andan etibarən Bakı Nəqliyyat Agentliyi Fərmandan irəli gələn məsələlərin icrası ilə əlaqədar mütəmadi olaraq Bakı şəhərində sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətinin təmin edilməsi üçün zəruri işləri davam etdirməkdədir.

Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, bu tədbirlərin davamı olaraq Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə 30 aprel 2016-cı il tarixində "Koroğlu" metro stansiyası ətrafında və Heydər Əliyev prospektinin girişində nəqliyyat sıxlığının aradan qaldırılması, sərnişinlərin rahat şəkildə avtobuslara minib-düşməsi, və gələcəkdə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması və ya azaldılması, taksi, avtobus və digər nəqliyyat növlərinin biri-birinin hərəkətinə mane olmadan hər biri üçün nəzərdə tutulan müvafiq yerlərdə saxlanmasının təşkili məqsədilə pilot layihə qismində yeni Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb.

Layihənin əsas məqsədi həm də yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsindən sərnişinlərin istifadə etməsinin qarşısını almaq, dünyanın qabaqcıl ölkələrində mövcud olan nümunə əsasında nəqliyyat qovşaqlarında sərnişinlərin təhlükəsizliyi və nəqliyyat vasitələrinin hərəkətinə mane olmaması baxımından onlar üçün nəzərdə tutulan səkilərdən istifadəni təmin etməkdir. Pilot layihə ilkin şəkildə cəmiyyətdə piyada və sürücü mədəniyyətinin və standart davranış qaydalarının formalaşdırılmasına hesablanıb.

Xüsusi olaraq qeyd edək ki, "Koroğlu" metro stansiyası ətrafında avtobusların qoşa xətti keçərək Ziya Bünyadov prospektindən Qara Qarayev prospektinə gedən yolötürücüsünün üzərindən hərəkət etmələri həmin istiqamətdə nəqliyyatın hərəkətində səhər və axşam pik saatlarda uzun sürən tıxacla müşayət olunurdu. Yeni istifadəyə verilən Nəqliyyatın Mübadilə Mərkəzi həmin problemin əsaslı şəkildə həllinə də gətirib çıxarıb.

Həmçinin Qara Qarayev prospekti istiqmətində yaranan sıxlığı aradan qaldırmaq məqsədilə 30 aprel tarixindən etibarən 160, 171, 172, 189 və 136 saylı marşrut xətlərinin son dayanacağı "Qara Qarayev" metro stansiyasının önü deyil, məhz "Koroğlu" metro stansiyası ətrafında yeni yaradılan Nəqliyyatın Mübadilə Mərkəzi müəyyən edilmişdir.

Nəqliyyatın Mübadilə Mərkəzində "BakuBus"-a məxsus 1 saylı marşrut xəttinin son dayanacağının olmasını nəzərə alaraq sərnişinlər üçün daha bir yenilik edilib. Artıq sərnişinlər NMM-in 1 saylı marşrut xətti üçün nəzərdə tutulan dayanacağı önündə yerləşdirilən turniketlər vasitəsilə ödəməni edib, avtobusun salonuna rahat şəkildə, sıxlıq yaratmadan daxil ola biləcəklər. Kartında müvafiq məbləğ olmayan hər bir sərnişin elə turniketin yaninda quraşdırılan Bakı Kart və MilliÖn ödəmə terminalları vasitəsilə ödəmələrini aparacaqlar.

Onu da əlavə etmək istərdik ki, yüksək keyfiyyətli tələblərə və müasir standartlara cavab verən yeni nəqliyyat mübadilə mərkəzində 23 marşrutun istifadəsi nəzərdə tutulub.

Yekun olaraq bildirmək istərdik ki, Bakı şəhərində sərnişindaşıma sahəsində ictimai nəqliyyatın optimallaşdırılması məqsədilə bu cür innovativ tədbirlər Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm olaraq həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti