...

Millət vəkili: AMEA-da ciddi islahatlar aparılmalıdır

Cəmiyyət Materials 17 May 2016 17:50 (UTC +04:00)
AMEA-da ciddi islahatlar olmalıdır. İnsitutların sayı elmi işçilərin sayından çoxdur.
Millət vəkili: AMEA-da ciddi islahatlar aparılmalıdır

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ciddi islahatlar aparılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, Prezidentin təhsilə, elmə olan qiyməti son nəticədə qanunvericilik istiqamətində yeniliklərin tətbiq olunması ilə bağlıdır: "Gənclərimizin elmə gəlməsi üçün şərait yaratmalıyıq. Çox təəssüf ki, bu gün elmimiz yaşlaşır. Gəncləri müəyyən qədər stimullaşdırmalıyıq".

Komitə sədri qanun layihəsində elmi fəaliyyətin Azərbaycan modelinin formalaşdırılması maddəsinə də toxunub: "Bu gün dünyada artıq sərhədlər yoxdur. Yaxşı olar ki, elmin Azərbaycan modelinin formalaşdırılması olsun. Amma reallıq onu göstərir ki, bu gün bu, mümkün deyil. Ayrıca heç bir istiqamətdə bunu inkişaf etdirə bilmərik. Elmi işçilərin, xüsusilə gənclərin iş məsələsini qeyd etmək istəyirəm. Elmi işçi elmi müəssisədə çalışır. Bir reallıqları bilirik ki, bir işlə bağlı elmi işçi, gənc özünü dolandıra bilmir. Burada deyirlər ki, büdcəni qaldıraq. Biz başa düşməliyik ki, elmə qoyulan vəsaitlər nə vaxtsa qayıtmalıdır. Hələ ki bu proses bu gün yoxdur. Reallıq ondan ibarətdir ki, büdcənin qaldırılması ilə nailiyyətlər əldə olunmalıdır. AMEA-da ciddi islahatlar olmalıdır. İnsitutların sayı elmi işçilərin sayından çoxdur".

Deputat təhsilin davamlılığı məsələsi barədə də danışıb: "Biz müharibə şəraitində yaşayırıq. Peşəkar ordunun yaranması vacibdir. Bilməliyik ki, gənclərimiz hərbi xidmətə hazır olmalı və müəyyən bacarıqları olmalıdır. Təklif edirəm ki, orta mətkəbi bitirdikdən sonra hamısı hərbi xidmətə getsin. Yoxsa ali məktəbə daxil olur, əsgərliyə gedir, gəlib magistraturada təhsillərini davam etdirirlər. Elmin davamlılığı olmasa, nailiyyət olmayacaq. Biz bunu burada edə bilmiriksə, qayda olaraq tətbiq edək ki, orta mətkəbi bitirib əsgərliyə getsinlər. Eyni zamanda xarici ölkələrin elmi dərəcələrinin və adlarının tanınması barədə maddə də var. Bəs tanınmaması? Əgər biz hamısını tanıyırıqsa, bunu da yazmışıqsa, deməli, bu proses hardasa pozula bilər. Yoxsa müxtəlif institutlardan elmi dərəcə alırlar və gəlib burada tələb edirlər ki, onları tanıyaq".

Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq II oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti