...

"Arazbarı" sənədli filminin təqdimat mərasimi keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 20 May 2016 16:58 (UTC +04:00)
Bu gün sözləri Sona Vəliyevaya, musiqisi Tahir Əkbərə, ifası Bəyimxanım Vəliyevaya və Ehtiram Hüseynova, qiraəti İlham Əsgərova aid olan “Arazbarı” sənədli filminin təqdimat mərasimi keçirilib.
"Arazbarı" sənədli filminin təqdimat mərasimi keçirilib (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün sözləri Sona Vəliyevaya, musiqisi Tahir Əkbərə, ifası Bəyimxanım Vəliyevaya və Ehtiram Hüseynova, qiraəti İlham Əsgərova aid olan "Arazbarı" sənədli filminin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, filmin ssenari müəllifi Bəxtiyar Qaraca, rejissoru Kəmalə Mirzəyevadır. Layihənin rəhbəri Əflatun Amaşovdur.

Əvvəlcə film tədbir iştirakçılarına təqdim edilib. Sənədli filmdə eyniadlı "Arazbarı" mahnısı da səsləndirilib.

Daha sonra filmin təqdimat mərasimində çıxış edən Ə.Amaşov bildirib ki, bu film çoxşaxəlidir: "Bu bizim tariximizdir. Bu film musiqi, tarix, coğrafi ərazi baxımından tariximizi özündə əks etdirir. "Arazbarı" bizim üçün Vətən simvoludur. "Arazbarı" harada yaşamasından asılı olmayaraq, dünyadakı azərbaycanlıları birləşdirən bir simvoldur. "Arazbarı" bizim üçün "Şur" ailəsinə daxil olan muğamdır. Bu muğamı bir çox korifeylər ifa edib. Nə qədər Azərbaycan xalqı varsa, Azərbaycan musiqisi səslənəcək, muğam da qorunacaq. Filmin çəkilişləri Bakı şəhərində, Sabirabad və Saatlı rayonlarında aparılıb. Filmdə Azərbaycan tarixinin keşməkeşli dövrlərindən, xalqımızın yüksək mənəvi dəyərlərindən bəhs edilib".

Bəstəkar T.Əkbər deyib ki, bu əsər onun yaradıcılığının bir mərhələsi də sayıla bilər.

Onun sözlərinə görə, musiqinin sözləri çox təsirlidir və Azərbaycan tarixinə aiddir: "Musiqi və sözün vəhdəti önəmlidir. Sona xanım çox sağ olsun ki, bu əsəri tərəddüd etmədən mənə həvalə etdi. İlham Əsgərov da bu əsərdə çox möhtəşəm çıxış edib. Bu əsər böyük bir nailiyyətdir. Bunu Sona Vəliyevanın da yaradıcılığının bir mərhələsi saymaq olar. Vaxt keçəcək, bizim bölünmüş torpaqlarımız geri qayıdacaq, amma bu əsər bizim tariximizdir. İnanıram ki, bu əsər yaşayacaq və bizim üçün sabaha inam yaradacaq".

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycan xalqında vətənpərvərlik hissi hər zaman olub və yenə də var: "Azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımlar törədilib, ərazi bütövlüyü pozulub. Amma biz törədilən qırğınlar barədə nə qədər çox müzakirələr aparırıqsa, özümüzü də bir o qədər yüksəkdə hiss edirik. Belə əsərlərə bizim çox ehtiyacımız var. Bizim musiqimiz elə-belə yaranmayıb. "Arazbarı"nın da yaranmasının dərin kökləri var".

Musiqinin ifaçısı Bəyimxanım Vəliyeva "Arazbarı"nı ifa etməkdən çox məmnundur: "Mən buna mahnı demək istəməzdim. "Arazbarı" bir əsərdir. Onun mövzusu da sadə deyildi, çox ağır mövzusu vardı. Bu bizim tariximizdir. İnanıram ki, torpaqlarımız yaxın zamanlarda geri qayıdacaq".

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev isə bildirib ki, "Arazbarı" fundamental əsərdir. Bu əsərə görə filmi ərsəyə gətirənlərə təşəkkür edən U.Mirzəyev deyib ki, bu cür mövzulara daha çox müraciət edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti