Bakı. İlhamə İsabalayeva - Trend:
Formula 1 yarışı dövründə idmançılara və onların heyətlərinə tibbi xidmətlərin göstərilməsi üçün əsas kliniki xəstəxana kimi istifadə olunacaq Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) yaradılan vəziyyətlə tanış olmaq üçün Formula 1 yarışları üzrə tibbi briqadanın Bəhreyndən olan məsləhətçisi Amcad Obeyd Azərbaycana gəlib.
Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Xarici məsləhətçi yaradılan vəziyyətlə tanış olmaq üçün xəstəxanaya baxış keçirib. O, hazırlıq işlərindən - ən son avadanlıqlarla təchiz edilmiş xüsusi palatanın şəraitindən razı qaldığını bildirib.
A.Obeydin səfəri yaxın iki gün ərzində yekunlaşacaq.
Xəstəxanadan bildirilib ki, Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında Formula 1 yarışlarına hazırlıq məqsədilə Səhiyyə Nazirliyinin (SN) tapşırığı ilə MNX tərəfindən bir neçə ay davam edən hazırlıq işləri başa çatıb.
"Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən, Formula 1 Bakı "Grand Prix" ilə əlaqədar MNX-da Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin nəzdində tibbin ən son avadanlıqlarla təchiz edilmiş xüsusi şəraitli palata yaradılıb.
Palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb. Həmçinin, MNX-nın digər müvafiq şöbələrinin palatalarında hazırlıq işləri tamamlanıb.
Avropa Qran Prisi ərəfəsində nəqliyyatın hərəkətinə hansı tarixdən etibarən məhdudiyyətlər qoyulacaq?
Həmçinin, MNX-da SN tərəfindən dəvət olunmuş Türkiyənin Yanıq Mərkəzinin professoru doktor Ahmet Çinar Yastı həkim heyəti və 103 təcili yardım xidməti üçün xüsusi seminar və məşğələlər keçirib, təcili hallarda koordinasiya, ixtisaslaşdırılmış ilk yardım sistemi hazırlayıb. Dünən isə tibb işçiləri üçün son təlim keçirilib.