...

Azərbaycan UNİCEF-lə əməkdaşlığı inkişaf etdirir (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2016 12:10 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə tanışlıq görüşü olub.
Azərbaycan UNİCEF-lə əməkdaşlığı inkişaf etdirir (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardin ilə tanışlıq görüşü olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dövlət uşaq siyasətinin daim inkişaf etdirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunun uşaqların müdafiəsinin gücləndirilməsinə, habelə onların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasına da şərait yaratdığını bildirib. Hazırda ölkəmizdə sosial təminat növlərindən bir qisminin məhz uşaqlara yönəldiyini qeyd edən S.Müslümov ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət ödənilən ailələrdəki ailə üzvlərinin də böyük əksəriyyətinin uşaqlar olduğunu diqqətə çatdırıb.

Nazir ölkəmizdə uşaqların sosial müdafiəsi sahəsində aparılan işlərdə UNİCEF-lə əməkdaşlığın önəmini vurğulayıb: “Bu əməkdaşlıq “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlarla bağlı sosial reabilitasiya sisteminin təkmilləşdirilməsində öz töhfələrini verib”. S.Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında 2014-2015-ci illərdə icra olunan birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayıb: “Həmin sənədə uyğun olaraq, “Uşaq qayğı sistemində islahatlar” üzrə Tədbirlər Planı uğurla icra edilib. Eləcə də uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının, nazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması üçün mühüm işlər görülüb. Sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi sahəsində görülən işlər də əməkdaşlıq təcrübəsinin uğurlu davamı olub”.

S.Müslümov nazirliyin sosial sifarişləri əsasında sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan baxımsız uşaqların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunması məqsədilə icra olunan layihələri qeyd edib: “Həmin sifarişlər üzrə qeyri-hökumət təşkilatı tərəfindən 2013-cü ildə 15 prioritet istiqamət üzrə 30 layihə həyata keçirilibsə, 2014-cü ildə 23 prioritet istiqamət üzrə 32 və 2015-ci ildə 24 prioritet istiqamət üzrə 33 layihə icra edilib”.

Nazir bildirib ki, bu layihələrin icrası və monitorinqinin təmin edilməsində də UNİCEF-lə sıx əməkdaşlıq həyata keçirilir: “Eyni zamanda əhalinin sosial xidmətlərə olan ehtiyacının müəyyən edilməsi, mövcud sosial xidmətlərin qiymətləndirilməsi və resursların planlaşdırılması məqsədilə nazirliyin dəstəyi ilə və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən 2013-cü ilin noyabr ayından etibarən “Sosial xəritələşmə” layihəsinin icrasına başlanılıb. Bu layihə risk qrupunda olan şəxslərin sosial xidmətlərə olan tələbatının öyrənilməsində və buna uyğun olaraq sosial xidmət sahəsində prioritetlərin müəyyən edilməsində mühüm rola malikdir”.

Cari ildə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında 2016-2020-ci illərə dair Əməkdaşlıq Proqramının qəbul olunduğunu qeyd edən S.Müslümov diqqətə çatdırıb ki, həmin proqram çərçivəsində bu ilin may ayında “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb: “Ümumilikdə Proqramın məqsədi uşaqların, xüsusilə çətin həyat şəraitində olan uşaqların keyfiyyətli və bərabər müdafiəsi, onların təhsil və səhiyyə, qidalanma xidmətlərindən istifadə imkanlarının genişləndirilməsidir. Həmçinin uşaqlara qarşı zorakılıq, sui-istifadə və etinasızlıq hallarına səbəb olan sistematik maneələrin müəyyən edilməsi, onların sosial müdafiə xidmətlərindən daha geniş istifadə imkanlarının təmin edilməsi, qayğıkeş ailə mühitindən bəhrələnmək hüquqlarının dəstəklənməsi Proqramda əsas hədəflər kimi yer alıb”.

S.Müslümov qarşıdakı dövrdə də UNİCEF-lə müvafiq fəaliyyət sahələrində əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

E.Karvardin Azərbaycanda uşaqların müdafiəsi, onların fiziki və mənəvi inkişafı, habelə onların sosial təminatla, o cümlədən sosial xidmətlərlə əhatə edilməsi sahəsində aparılan işlərin UNİCEF tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb. Ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF arasında səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edən E.Karvardin ölkəmizdə fəaliyyət göstərəcəyi dövrdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.

Görüşdə UNİCEF-lə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, uşaqlara yönələn sosial xidmətlər sisteminin təkmiləşdirilməsi istiqamətində görülən işlər və onların nəticələri, bu sahədə əsas hədəflər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti