Bakı. Trend:
Prezident yanında Bilik Fondunda 2016-17-ci tədris ili üçün qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib.
Bilik Fondunun İnformasiya təminatı sektorunddan Trend-ə verilən məlumata görə, görüşdə fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər.Bilik Fondunun icraçı direktoru Oktay Səmədov abituriyentləri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyera yolunda uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə çağırıb.
Müstəqil həyata qədəm qoyan abituriyentlər akademik Vaqif Abbasovun elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdiyi dəyərli tövsiyələri dinləyib, onları maraqlandıran suallara cavab alıblar.
Göstərilən diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən abituriyentlər və onların valideynləri dövlətin gənclərə və onların təhsilinə ayırdığı qayğıdan danışıblar. Müxtəlif ali təhsil müəssisələrində təhsillərini ən yüksək səviyyədə davam etdirəcəklərinə söz veriblər.
Sonda 700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələri və akademikin ulu öndər Heydər Əliyevə həsr etdiyi “Liderlik fəlsəfəsi” kitabı təqdim olunub.