...

Azərbaycanda məşğul əhalinin 48,5 faizini qadınlar təşkil edir (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2016 16:03 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Türkmənistan nümayəndə heyəti ilə görüş olub.
Azərbaycanda məşğul əhalinin 48,5 faizini qadınlar təşkil edir   (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Türkmənistan Parlamentinin sədr müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazir Səlim Müslümov ölkəmizdə makroiqtisadi inkişafın təmin edilməsi sahəsində qazanılan nailiyyətləri diqqətə çatdırıb. Ölkədə insan kapitalının inkişafı, sosial rifah səviyyəsinin yaxşılaşdırılması sahəsində əldə olunan uğurları qeyd edən S.Müslümov Azərbaycanın BMT İnkişaf Proqramının 2015-ci ildə insan potensialının inkişafına dair “İnsan inkişafı naminə əmək” adlı məruzəsində insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edildiyini bildirib: “Bu gün ölkəmiz gender bərabərliyinin təmin edilməsi sahəsində də fəal dövlət siyasətinə malikdir. Respublikanın sosial-iqtisadi inkişaf proseslərində qadınlar bərabərhüquqlu iştirak imkanlarına malikdirlər. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında gender bərabərliyini təmin edən müddəalar əksini tapıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalanıb ki, bu mühüm sənəd respublikada qadınların kişilərlə hüquq bərabərliyinin təmin olunmasına yönəlib. Ümumən bu gün milli qanunvericilikdə bununla bağlı mütərəqqi beynəlxalq normalara uyğun hüquqi əsaslar mövcuddur”.

Nazir bildirib ki, ötən dövrdə qadın hüquqlarının müdafiəsi üzrə bütün əsas beynəlxalq sənədləri ratifikasiya edən Azərbaycan BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına tərəfdar çıxıb: “Eyni zamanda ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) 57 Konvensiyasına, o cümlədən BƏT-in “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Analığın mühafizəsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” Konvensiyalarına qoşulub. 2006-cı ildə isə ölkəmizdə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda, ölkəmizin Əmək Məcəlləsində də gender bərabərliyinin təmin olunmasına yönələn prinsiplər əksini tapıb”.

Respublikada əmək münasibətlərində iştirak sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyin hər hansı təzahürlərinin qanunla qadağan olunduğunu qeyd edən S.Müslümov bu sahədə gender bərabərliyi prinsipinə əməl olunduğunu vurğulayıb: “Yoxsulluq və işsizliyin aşağı səviyyədə olduğu Azərbaycanda əmək bazarında qadınların da bərabər əsaslarla iştirakı təmin olunur. 2005-2015-ci illərdə ölkədə məşğul əhalinin sayı 15 faiz, məşğul əhalinin tərkibində qadınların sayı isə 15,6 faiz artıb. Əgər 10 il bundan əvvəl məşğul əhalinin 48,2 faizi qadınlardan ibarət idisə, ötən dövrdə məşğul əhalinin sayının xeyli artdığı şəraitdə 2015-ci ildə bu göstərici nəinki azalıb, hətta bir qədər də artaraq 48,5 faiz təşkil edib ki, bu da əmək bazarında qadınların rolunun fəal olduğunu göstərir. Nazirliyin məşğulluq orqanları tərəfindən məşğulluğu təmin edilənlərin, peşə hazırlığı və əlavə təhsil kurslarına, digər aktiv məşğulluq tədbirlərinə cəlb olunanların da mühüm bir hissəsini qadınlar təşkil edir”.

Nazir yeni “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2016-2030-cu illər)” layihəsindən də bəhs edərək, qadınların əmək bazarına çıxış imkanlarının artırılmasının da əsas hədəflər sırasında olduğunu bildirib. S.Müslümov milli sosial müdafiə, habelə sosial xidmətlər sistemi barədə məlumat verərək, bu sahədə gender bərabərliyi baxımından heç bir problem olmadığını qeyd edib: “Bununla yanaşı, pensiya və sosial müavinətlərlə bağlı qanunvericilikdə çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar üçün əlavə güzəştlər mövcuddur. Beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə aylıq sosial müavinət də verilir. Hazırda 15 minədək insan səyyar və stasionar şəraitdə sosial xidmətlərlə təmin olunur ki, onların bir hissəsi də qadınlardır”.

Görüşdə S.Müslümov əmək və sosial müdafiə sistemində elektron texnologiyaların geniş tətbiqindən, nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemindən bəhs edib. Nazir əmək müqavilələrinin elektron qeydiyyat sisteminin üstünlüklərini diqqətə çatdıraraq, nazirliyin avtomatlaşdırılmış sistemlərinin mütərəqqi təcrübə nümunələri kimi BMT tərəfindən dünyada təbliğ olunduğunu bildirib: “Azərbaycanda ölkə vətəndaşları kimi, əməkçi miqrantların da əmək və sosial hüquqlarının təmin olunması daim diqqətdə saxlanılır. Ölkədə müasir sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot alt sistemində Türkmənistan vətəndaşları da qeydiyyatdadır və bu, onların gələcək pensiya və sosial müdafiə hüquqlarına malik olmalarına əsas yaradır”.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamı ilə respublikamızda əmək bazarı proqramlarının əhalinin özünüməşğulluğunun təmin olunması müstəvisində genişləndiyini diqqətə çatdırıb, bu sahədə ölkədə formalaşan yeni iş təcrübəsi barədə məlumat verib.

Q.Bayramova Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə müsbət təəssüratlarını bölüşüb. O, ölkəmizdə əmək və sosial xidmət sahələrində gender bərabərliyinin təmin edilməsində uğurlu təcrübənin olduğunu qeyd edib. Q.Bayramova eləcə də idarəetmə və xidmətlər sahəsində müasir infrastrukturun qurulması, əhalinin, o cümlədən qadınların məşğulluq imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi yönündə görülmüş işlərin onlarda böyük maraq doğurduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti