...

Məhkəmə qərarlarının icrası nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2017 20:28 (UTC +04:00)
Məhkəmə qərarlarının icrası nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.
Məhkəmə qərarlarının icrası nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib (FOTO)

Bakı. Trend:

Məhkəmə qərarlarının icrası nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun kollegiya iclasında nazir Fikrət Məmmədov bildirib.

Onun sözlərinə görə, nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.

İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6.548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3.519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 8.435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.

İclasda dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, ötən il ədliyyə orqanları tərəfindən görülmüş işlər ətraflı təhlil edilib.

Məlumat verilib ki, nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əvvəlki illə müqayisədə 40% çox – 1.100-dən artıq qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 3 minə yaxın belə akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan milli qanunvericiliyin elektron bazasına 2.615 sənəd daxil edilib və il ərzində həmin bazaya başçəkmələrin sayı 2,7 dəfə artaraq 500 minə çatıb.

Dövləti başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 50 mindən çox vətəndaş müraciətinə baxılıb, 15.700 vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Notariat orqanlarında aparılan əməliyyatların sayı artaraq 3,6 milyonu ötüb, 350 minədək vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 40,3 milyon manatdan çox dövlət rüsumu və haqq ödənilib. Vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması və onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə ardıcıl tədbirlər görülüb, o cümlədən ötən il ölkə başçısının iştirakı ilə Xaçmaz nikah evi, habelə yeni inşa olunmuş Mingəçevir şəhər qeydiyyat şöbəsi üçün inzibati binalar istifadəyə verilib.

Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4.300-ü, KİV-lərin sayı isə 5.100-ü ötüb. Həmçinin, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılması, qrantların verilməsi prosedurunun sadələşdirilməsi və şəffaflığın təmin olunması üçün dövlət başçısının tapşırığına əsasən xarici donorlar tərəfindən ölkə ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb, bununla bağlı qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə əlaqələndirici qurum kimi müəyyən olunmuş Ədliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər görülüb.

Diqqətə çatdırılıb ki, ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər təkmilləşdirilib, ötən il nazirliyin 25 elektron xidmətindən istifadə edənlərin sayı əvvəlki illə müqayisədə 3 dəfə artaraq 1,8 milyondan çox olub. Hazırda yeni xidmətlərin tətbiqi üzrə işlər görülür. Eyni zamanda, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sistemi çərçivəsində elektron sənəd dövriyyəsinin, məhkəmə işlərinin elektron idarə edilməsinin, proseslərin elektron qeydiyyatının sınaq rejimdə məhkəmələrdə tətbiqi davam etdirilib, sistemin yeni komponentlərinin - "vətəndaşın şəxsi kabineti"nin və "elektron icra"nın yaradılması üzrə və digər tədbirlər görülüb. Artıq bir sıra icra qurumlarında "elektron icra" sistemi pilot qaydada tətbiq edilir. Həmçinin, cari ilin əvvəlindən iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması təmin olunur.

Ötən il penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, cəza çəkən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilib. Dövlət başçısının humanizm siyasəti uğurla həyata keçirilərək Prezidentin ötən ildə imzaladığı sərəncamla 148 nəfər əfv olunub, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Həmçinin, cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1.261 məhkum barədə məhkəmələrə təqdimat göndərilib, artıq onlardan 1.027-nə baxılaraq hamısı təmin edilib.

Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin ayrı-ayrı istiqamətləri üzrə, o cümlədən penitensiar sahədə tədbirlərə cəlb olunurlar. Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri dövlətimizin humanizm siyasəti nəticəsində qəbul edilmiş əfv və amnistiya aktlarının icrasında, habelə məhkumların islah olunması prosesində yaxından iştirak ediblər.

İctimai Komitə üzvlərinin də iclaslarına fəal qatıldığı məhkumların cəzadan vaxtından əvvəl şərti azad edilməsi üzrə Xüsusi Komissiya səmərəli fəaliyyət göstərib, ötən dövrdə 6.500-ə yaxın məhkum vaxtından əvvəl şərti azad olunmağa və ya daha yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və artıq məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 97%-i müsbət həll edilib.

İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, bununla bağlı tabe qurumların rəhbərləri dinlənilib, işin səmərəliliyinin artırılmasına dair aidiyyəti tapşırıqlar verilib.

Ölkə Prezidentinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri xüsusilə diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması vurğulanıb.

Eyni zamanda, ədliyyə orqanlarında əmək və icra intizamının möhkəmləndirilməsi, insanlarla daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, məhkəmə qərarlarının icrası ilə bağlı əlavə təsirli tədbirlərin görülməsi, regional ədliyyə idarələri tərəfindən prinsipiallığın artırılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti