Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində yanvar ayı üçün nəzərdə tutulan “Ekologiya və iqtisadiyyat aylığı” başa çatıb.
İdarədən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin 12 inzibati rayonunun ümumi təhsil məktəblərində “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə elmi konfranslar, müsabiqələr, yarışlar, “Açıq dərs”lər, sərgilər keçirilib, ekskursiyalar təşkil edilib, araşdırmalar aparılıb, məktəbyanı sahədə abadlıq işləri görülüb. Bundan əlavə, bir çox məktəblərdə layihə çərçivəsində kağız tullantıları toplanaraq tullantıların təkrar emalı zavoduna verilib, məktəb daxilində təbii ehtiyatların qorunması məqsədilə elektrik enerjisinə, suya qənaət olunması üçün praktiki işlər görülüb, kitabxanadakı istifadəsiz kitablar və yararsız halda olan məktəb avadanlıqları yenidən bərpa edilib. Layihə üzrə müəyyənləşdirilmiş mövzuların reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.
Yanvar ayının sonunda “Ekologiya və iqtisadiyyat” mövzusu üzrə Bakı şəhərindəki ümumi təhsil məktəblərinin fəaliyyəti təhlil edilib və müvafiq meyarlar üzrə “Ayın ən qənaətcil məktəbi” nominasiyasında 246 nömrəli məktəb-lisey qalib olub.
Qeyd edək ki, aylıq çərçivəsində 246 nömrəli məktəb-liseydə “Təbiəti sevənlər” klubu yaradılıb, “Məktəblinin ekoloji müşahidə dəftəri”, “Ekologiyanı qorumaq üçün yaddaş kitabçası” və “Bir olaq, ətraf mühiti qoruyaq” bukletləri tərtib olunub. Şagirdlər tərəfindən tullantı hesab edilən məhsullardan yapışqan hazırlanaraq partalar təmir olunub. Həmçinin, şagirdlər tərəfindən tullantılardan hazırlanan təmizləyici vasitə ilə məktəb partaları təmizlənib.
Məktəb-liseydə çörək qırıntıları, kağız tullantıları və plastik qablar yenidən emal olunması üçün yığılıb. “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Təbiəti sevənlər” klubunun üzvləri topladıqları çörək qırıntılarından kimya laboratoriyasında gübrə hazırlayıblar. Məktəbin ay ərzində gördüyü işlər həm ekologiyanın qorunması və ətraf mühitin təmiz saxlanılması, həm də iqtisadi baxımdan məktəbə üçün səmərəli olub.
“Ekologiya və iqtisadiyyat aylığı” çərçivəsində Bakı şəhəri üzrə 5, 7, 24, 193, 201, 206, 218, 220, 234, 251, 257, 258, 283 və 302 nömrəli məktəblər də öz fəallıqları ilə seçiliblər.