Bakı. Trend:
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarşı qəbul edib.
DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Komitə sədri ölkəmizdəki dövlət-din münasibətləri barədə danışaraq tolerantlıq mühitinin ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinə uyğun olaraq daha da möhkəmləndiyini, bu sahənin dövlət siyasətinin prioritet istiqamətinə çevrildiyini diqqətə çatdırıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısı olduğunu xüsusi qeyd edib.
M.Qurbanlı bildirib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi ili” elan etməsi olduqca mühüm tarixi, eyni zamanda mənəvi-siyasi əhəmiyyət kəsb edən məsələdir. Ölkə başçısının Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi təkcə din baxımından deyil, digər aspektlər baxımından da vəzifələri müəyyənləşdirir ki, bunları həyata keçirməklə İslam dünyasında dövlətlərarası, xalqlararası yaxınlaşmanı sürətləndirə bilərik. İslam dini bizi birləşdirir və ortaq dəyərimizdir. Bu ortaq dəyərlərimizə yönəlik pozuculuq əməllərinin qarşısını almaq üçün fəaliyyəti daha da genişləndirməliyik.
Səfir Azərbaycanda qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, burada yaşayan xalqlar arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin əyani şahidi olduğunu deyib.
Səfir İslamın əsl qayəsinin dünyaya olduğu kimi çatdırılması baxımından “İslam həmrəyliyi ili”nin elan edilməsinin önəminə diqqət çəkib. Təmsil etdiyi ölkənin Azərbaycan Prezidentinin “İslam Həmrəyliyi İli” təşəbbüsünü alqışladığını vurğulayıb. Bu münasibətlə təşkil ediləcək bütün tədbirlərə dəstək verməyə, iştirak etməyə hazır olduqlarını bildirib.
Azərbaycan və Mərakeşin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Mərakeşin səfiri Məhəmməd Adil Embarş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiklərini vurğulayıb, iki ölkənin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyətini qeyd edib.
Komitə sədri Azərbaycanda bir neçə aydan sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Mərakeş idmançılarının uğur əldə edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.