...

Şahin Sultanova hökm oxundu (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Mart 2017 17:31 (UTC +04:00)
Bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Şahin Sultanova hökm oxundu (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Telman Abdiyevin Trend-ə verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Sultanov 8 il 6 ay azadlıqdan məhrum edilib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Digər təqsirləndirilən şəxs Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyevə isə 2 il sınaq müddəti təyin etməklə 5 il şərti cəza verilib.

Həmçinin, təqsirləndirilən şəxslər Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər də müəyyən müddətə şərti cəza təyin edilməklə azadlığa buraxılıb.

Qeyd edək ki, ötən prosesdə Ş.Sultanov son söz deyib və məhkəmədən bəraət istəyib. Dövlət ittihamçısı isə Ş.Sultanovun 13 il, digər təqsirləndirilənlərin isə 5-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, prokuror iş üzrə təqsirləndirilən 3 nəfərə şərti cəza istəyib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müxtəlif hərbi rütbəli daha 27 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti