...

Səfir Bolqarıstanda keçirilən "Tolerantlıq günü və beynəlxalq dəstək” konfransına qatılıb (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2017 19:10 (UTC +04:00)
Kırcali şəhərində yəhudilərinin ölüm düşərgələrinə deportasiyadan xilas edilməsinin 74-cü ildönümünə həsr olunmuş “Tolerantlıq günü və beynəlxalq dəstək” adlı milli konfrans keçirilib.
Səfir Bolqarıstanda keçirilən "Tolerantlıq günü və beynəlxalq dəstək” konfransına qatılıb (FOTO)

Bakı. Trend:

Bolqarıstanın Kırcali vilayətinin inzibati mərkəzi Kırcali şəhərində yerli əhalinin və ölkənin müxtəlif şəhərlərindən 500-dən çox şagirdin iştirakı ilə, 1943-cü ildə İkinci Dünya Müharibəsi zamanı Bolqarıstan yəhudilərinin ölüm düşərgələrinə deportasiyadan xilas edilməsinin 74-cü ildönümünə həsr olunmuş “Tolerantlıq günü və beynəlxalq dəstək” adlı milli konfrans keçirilib.

İsrail-Bolqarıstan İnstitutu, həmçinin Kırcali bələdiyyəsi və Nyu-Yorkda yerləşən Xolokost tədqiqatları və insan hüquqları üzrə Olqa Lenqiyel İnstitutu tərəfindən təşkil edilmiş bu tədbirə İsrailin səfiri İrin Lilian, ABŞ səfiri Erik Rubin və səfir Nərgiz Qurbanova xüsusi qonaq qismində dəvət olunub.

Səfir N.Qurbanova konfransda çıxış zamanı 20-ci əsrdə uşaq, qadın və yaşlılar daxil olmaqla milyonlarla günahsız insanların, o cümlədən Avropanın çoxsaylı yəhudi əhalisinin, yalnız öz milli mənsubiyyəti və ya əqidəsinə görə amansız nasizmin qurbanları olduğunu qeyd edib. Xolokostun qaranlıq illərində, bütün mümkün ağır nəticələrə baxmayaraq öz həyatlarını təhlükə altına qoyan cəsur insanların bir çox ölkədə yəhudiləri xilas etdiyini və bu xüsusda 1943-cü ildə Bolqarıstan cəmiyyətinin ədalətsizliyə qarşı çıxdığını və öz yəhudi həmvətənlələrinin ölüm düşərgələrinə deportasiya olunmasına imkan vermədiyini söyləyərək, bu qəhrəman hərəkətləri humanizmin və tolerantlığın nifrət və zorakılıq üzərində qələbəsinin rəmzi olaraq qiymətləndirib.

Digər xalqlarla yanaşı İkinci Dünya Müharibəsi zamanı Azərbaycan xalqının da nasizmə qarşı müharibədə mühüm töhfə verdiyini, 600 min Azərbaycanlının döyüşlərdə iştirak etdiyini və onlardan 300 minin həyatını itirdiyini qeyd edən N.Qurbanova hazırkı nəsillərin döyüş meydanları, ölüm düşərgələri və qettolarda öldürülmüş insanlar qarşısında böyük mənəvi məsuliyyət daşıdıqlarını bildirib. Gələcəkdə belə bir faciələrin təkrarlanması üçün, tolerantlıq və multikulturalizmin, dialoq və əməkdaşlığın münaqişlər və gərginliyə qarşı ən səmərəli vasitə olduğunu söyləyən səfir bu məqsədlə millətlər və insanlar arasında sülh və əməkdaşlığın təşviqinə və ksenofobiya və ayrı-seçkiliyə qarşı mübarizəyə yönəlmiş qəti tədbirlərin yorulmadan beynəlxalq ictimaiyyət tərəfindən davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu xüsusda sülh şəraitində birgə yaşama və mədəniyyətlarası dialoq ideyaları və dəyərlərinə əsaslanan sivilizasiyanın qurulması üçün qlobal səylərə Azərbaycan tərəfindən verilən vacib töhfə haqqında iştirakçılara məlumat verib.

Tolerantlığın Azərbaycan xalqının milli və mənəvi dəyəri olduğunu və ölkəmizdə yəhudilər daxil olmaqla bütün xalqların və müxtəlif dini icmaların təmsilçilərinin sülh və qayğı şəraitində yaşadığını qeyd edən səfir Azərbaycanda anadan olmuş və ölkəmizin tarixində mühüm rol oynamış yəhudilər, o cümlədən Azərbaycan Demokratik Respublikasının 1919-cu ildə səhiyyə naziri olmuş Yevsey Qindes, məşhur fizik Lev Landau, görkəmli violonçel ustası və dirijor Mstislav Rostropoviç, pianoçu Bella Davidoviç haqqında iştirakçılara məlumat verib. Bu xüsusda Azərbaycanın ərazi bütövlüyü və topraqlarımızın müdafiəsi uğrunda həlak olmuş Milli Qəhrəman Albert Aqarunovun əziz xatirəsi də yad edilib.

Çıxışı zamanı həmçinin 31 mart 1918-ci il tarixində Bakıda baş vermiş və minlərlə günahsız Azərbaycanlıların ölümü ilə nəticələnmiş qanlı hadisələrin 99-cu ildönümünü qeyd edən səfir N.Qurbanova insan həyatının müqəddəs və toxunlmaz olduğunu bildirib və yaşamaq hüququnun hər gün hər yerdə qorunmasının keçmiş və gələcək nəsillər qarşısında inkaredilməz borcumuzun olduğunu vurğulayaraq gəncləri bu nəcib amalda fəal rol oynamağa çağırıb.

Kırcalıya səfəri zamanı səfir N.Qurbanova eyni zamanda Kırcalı bələdiyyəsinin rəhbər şəxsləri, mer Həsən Əzis və vilayət rəhbəri Naço Kovaçev ilə görüşlər keçirib. Bələdiyyə rəhbərliyinin digər üzvlərinin iştirakı ilə keçirilmiş görüşdə mer H.Əzis multikulturallığı və tolerantlığı ilə seçilən Kırcalı bələdiyyəsinin etnik, dini və mədəni müxtəlifliyi, həmçinin onun iqtisadi potensialı və burada o cümlədən Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihələr haqqında Azərbaycan tərəfinə məlumat verib. Səfir bu ilin iyun ayında Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini və ölkələrimiz arasında bir çox sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Kırcalı vilayətinin rəhbəri ilə görüşdə N.Kovaçev Bolqarıstanın bu regionu haqqında səfirə məlumat verib. Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünü qeyd edərək, iki ölkə arasında əməkdaşlığın inkişaf etməsindən məmnunluğunu ifadə edib. Səfir N.Qurbanova multikulturallığı ilə seçilən Kırcalı vilayətində səfər etməyində şad olduğunu bildirərək, əsas əhalisi müsəlmanlar olan Azərbaycanda həmçinin əhəmiyyətli pravoslav və yəhudi icmalarının firavan yaşadığını vurğulayıb. Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində mühüm əməkdaşlığın həyata keçirildiyini söyləyən səfir N.Qurbanova digər sahələrdə də, o cümlədən nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı və turizm sahələrində vacib potensialın olduğunu qeyd edib və bu xüsusda görülən işlər haqqında həmsöhbətinə məlumat verib.

Səfir N.Qurbanova Kırcalıya səfəri zamanı bu bölgənin müftiliyində olaraq müfti Beyhan Məhmədlə görüşüb. B.Məhməd rəhbərlik etdiyi icma və müftiliyin fəaliyyəti haqqında danışıb. Öz növbəsində, səfir N.Qurbanova ölkəmizin dini icmaları və dövlət tərəfindən onlara göstərilən qayğı və dəstək haqqında həmsöhbətinə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti