...

Vitse-admiral Şahin Sultanov apellyasiya şikayəti verdi

Cəmiyyət Materials 14 Aprel 2017 15:37 (UTC +04:00)
Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfər Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasdiya şikayəti verib.
Vitse-admiral Şahin Sultanov apellyasiya şikayəti verdi

Bakı. Samir Əli - Trend:

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfər Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Bu barədə Trend-ə Ş.Sultanovun vəkili Telman Abdiyev məlumat verib.

Vəkil bildirib ki, Bakı Hərbi Məhkəməsi hökmü hələ onlara təqdim etməyib: "Məhkəmə hələ də hökmü bizə təqdim etməyib. Amma biz buna baxmayaraq apellyasiya şikayətini yazıb məhkəməyə təqdim etmişik. Hökmdə Şahin Sultanova bəraət istəmişik".

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay azadlıqdan məhrum edilib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Digər təqsirləndirilən şəxs Kazım Əsgərova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qalib Hacıyevə isə 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti cəza verilib.

Həmçinin, təqsirləndirilən şəxslər Kamandar Paşayev, Vüqar Hacıyev, Əziz Xıdırovun barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər də müəyyən müddətə şərti cəza təyin edilməklə azadlığa buraxılıb.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müxtəlif hərbi rütbəli daha 27 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti