...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 5 May 2017 20:19 (UTC +04:00)

Bakı. Trend:

Mayın 5-də AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Konstitusiya Məhkəməsi və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda Respublika elmi-nəzəri konfrans keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun direktoru hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri İlham Rəhimov və başqaları iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə açaraq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, ümummili lider Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. O əlavə edib ki, Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin ən böyük amal və məqsədi dövlətimizin müstəqilliyinin daimi olması, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin bərqarar olması idi.

Həmçinin A.Mustafazadə qeyd edib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmini sahəsində beynəlxalq təcrübəyə əsaslanan tamamilə yeni qanunvericilik sistemi işlənib hazırlanıb. Bütün köhnə normativ hüquqi baza yenilənib, yeni-yeni zəruri hüquq institutları, o cümlədən, Konstitusiya Məhkəməsi yaranıb. Həmçinin, MDB məkanında ilk İnsan Hüquqları üzrə Akademik İnstitut yaradılaraq onun qarşısında bir sıra vəzifələr qoyulub. Eləcə də insan hüquqları ilə bağlı qanunvericilik aktları üzrə bir sıra təkliflər, yeni qanun layihələri, həmçinin "Ombudsman haqqında" qanun layihəsi məhz İnsan Hüquqları İnstitutunda hazırlanaraq Milli Məclisə təqdim edilib.

Daha sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev öz nitqində konstitusiya dəyərlərindən, onların müdafiəsindən bəhs edərək bu fundamental dəyərlərin Azərbaycan Respublikasının Konistitusiyasında öz əksini tapması, eyni zamanda ölkəmizin demokratik dövlət quruculuğunun bilavasitə Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

F.Abdullayev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman fəaliyyətində dövlətimizin Əsas Qanununa əsaslanaraq konstitusiya dəyərlərinin, hüququn aliliyinin təmin edilməsi vacibliyinə xüsusi önəm verdiyini vurğulayib.

Növbəti çıxışçı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işlər üzrə direktor müavini, h.ü.e.d, professor Nazim Cəfərli Heydər Əliyevin dövlətçilik konsepsiyasından, Azərbaycan suveren dövlətinin hakimiyyət və idarəçilik orqanlarının yaradılmasının prinsiplərindən, yeni sistemin yaradılmasında normativ hüquqi bazanın yaradılması, onun mahiyyəti, məzmunu və özəl xüsusiyyətlərindən danışıb.

İnstitutun Dövlət və konstitusiya hüququ şöbəsinin müdiri, h.ü.e.d. Ayxan Rüstəmzadə isə öz çıxışında Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan hakimiyyətinə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində görülmüş ardıcıl, sistemli və gələcəyə hesablanmış islahatların aparılmasından söz açdı.

Tədbirdə, həmçinin Milli Məclisin deputatları, bir sıra nüfuzlu təhsil ocaqlarının alimləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti