Bakı. Trend:
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Azərbaycanın Pakistandakı səfirliyində anılıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə danışıb.
Səfir Heydər Əliyevin müstəqilliyin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub-saxlanmasında, imperiyanın təzyiqlərinə baxmayaraq milli ruhun, milli şuurun və özünüdərkin dirçəldilməsində, Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırdı. Səfir Azərbaycanın Pakistanla dostluq və qardaşlıq əlaqələrinin əsasının da məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, Heydər Əliyevin 1996-cı ildə Pakistana unudulmaz səfəri zamanı iqtisadi, siyasi, mədəni, turizm, elmi və texniki sahələrdə əməkdaşlığa dair mühüm müqavilələr imzalandıqdan sonra iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndiyini bildirmişdir. Səfir ulu öndərin göstərdiyi xidmətlərinin, Azərbaycan-Pakistan münasibətlərinin daha da möhkəmlənməsinə verdiyi tövhənin hər an xatırlandığını və gənc nəslin nümayəndələrinə tanıdılması istiqamətində də tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Səfir ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın milli maraqları əsasında həyata keçirilən müstəqil və uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndiyini, o cümlədən qardaş Pakistan İslam Respublikası ilə də münasibətlərimizin gün gündən inkişaf etdiyini vurğulayıb.