...

Sirkə turşusu ilə zəhərlənmələrin STATİSTİKASI açıqlandı (ÖZƏL)

Cəmiyyət Materials 6 Sentyabr 2017 14:55 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda sirkə turşusundan zəhərlənmə ilə bağlı 60 nəfər xəstəxanaya yerləşdirilib.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, avqust ayı ərzində 4 nəfər sirkə turşusu içib. Onların 3-ü qadın, 1-i kişi olub. Avqustda sirkə turşusundan 1 nəfər qadın dünyasını dəyişib.

A.Maqsudov qeyd edib ki, sirkə turşusunun qəbulu adətən, intihar məqsədi ilə edilir. Sirkə turşusunu daha çox qadınlar, xüsusilə 25-40 yaşlı qadınlar qəbul edirlər.

Şöbə müdiri əlavə edib ki, intihar məqsədilə sirkə turşusu və dərman preparatları ilə zəhərlənmə ümumi toksikoloji müraciətlərin 3%-ni təşkil edir.

A.Maqsudovun sözlərinə görə, bu ilin yanvar-avqust ayları ərazində 256 nəfər dərmanların allergik təsirindən zəhərlənib. Yalnız avqust ayı ərzində 7 nəfər xəstəxanaya bu məqsədlə müraciət edib. Onların hamısı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ötən il Azərbaycanda 2234 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb, 57 nəfər isə kimyəvi zəhərlənmədən dünyasını dəyişib.

Yalnız sirkə turşusu içməklə 2016-cı ildə 253 nəfər nəfər özünü zəhərləyib.
Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 893 nəfəri, yəni 40 faizi bunu özünə sui-qəsd etmək məqsədilə edib. Həmin xəstələrin çoxu qadınlar, xüsusilə cavan qadınlar olub. Qadınlar dərman və sirkə turşusu içməklə özlərinə sui-qəsd etmək istəyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti