Bakı. Elçin Mehdiyev – Trend:
Xızıda silah-sursat anbarında baş vermiş partlayış nəticəsində vətəndaşlara dəyən ziyan hesablanır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Abid Şərifov deyib.
A.Şərifov bildirib ki, gələn həftədən etibarən zərər görmüş evlərin bərpasına başlanacaq: “Bir-iki ay ərzində işlər yekunlaşmalıdır. Eyni zamanda, 5 ev sökülüb yenidən tikilməlidir”.
O qeyd edib ki, hadisə ilə bağlı yaradılmış dövlət komissiyası işini yekunlaşdırmayıb, hadisənin baş vermə səbəbi araşdırılır.
Baş nazirin müavini əlavə edib ki, partlayış nəticəsində ətrafa səpələnmiş hərbi sursatlar da təmizlənir: "İlk növbədə, partlayış baş vermiş əraziyə yaxın yaşayış sahələri təmizlənir. Hərbi sursatlar partlayış baş vermiş ərazidən 20 km uzaqlığa qədər düşüb. Bütün bunların hamısı təmizlənəcək”.