...

Qeyri-rəsmi məşğulluqla mübarizədə Türkiyə qurumları ilə təcrübə mübadiləsi aparılıb (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2017 14:34 (UTC +04:00)
Qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyənin aidiyyəti qurumları ilə təcrübə mübadiləsi aparılıb.
Qeyri-rəsmi məşğulluqla mübarizədə Türkiyə qurumları ilə təcrübə mübadiləsi aparılıb (FOTO)

Bakı. Trend:

Qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyənin aidiyyəti qurumları ilə təcrübə mübadiləsi aparılıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələri əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi və qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi üçün qardaş ölkənin Ankara şəhərində səfərdə olublar. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan işgüzar səfərdə 8 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə rəhbərliyi ƏƏSMN-nin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov edib.

Səfər zamanı Türkiyənin Çalışma ve Sosyal Güvenlik Bakanlığında müstəşar Ahmet Erdem və Xarici İşlər İdarəsinin rəhbəri Oğuz Tuncay, həmçinin Türkiye İş Kurumu Genel Müdürlüğünün rəhbəri Cafer Uzunkaya, Sosyal Güvenlik Kurumu Başkanlığının rəhbəri dr.Mühiddin Şahin və digər yüksək rütbəli rəsmilərlə işgüzar görüşlər keçirilib.

Görüşlərdə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə hər iki ölkədə aparılan işlərlə bağlı qarşılıqlı məlumatlar verilib. Komissiyaya üzv qurumların nümayəndələri Türkiyədə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, tibbi sığorta sistemi, işsizlikdən sığorta, istehsalda bədbəxt hadisələrdən sığorta, pensiya sistemi, formal iqtisadiyyatın həyata keçirilməsi üçün xüsusi təşviq proqramları barədə, qeyri-rəsmi məşğulluqla mübarizə istiqamətində mövcud olan fəaliyyət mexanizmlərini və bu sahələrdə ölkənin mövcud iş təcrübəsini öyrəniblər. Üç gün davam edən səfər çərçivəsində qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində həyata keçirilən tədbirlərə və əldə olunan nəticələrə dair geniş təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda qeyd olunan Sərəncama əsasən, Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katibliyin yaradılması qərara alınıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycanın ƏƏSMN-ə həvalə edilib. Yaradılan Katibliyin tərkibinə Azərbaycan ƏƏSMN, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttfaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi daxildir.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti