...

ƏƏSMN-də Dünya Bankının nümayəndələri ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2017 15:24 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi və Cənubi Qafqaz üzrə proqram rəhbəri Lire Ersado ilə görüş olub.
ƏƏSMN-də Dünya Bankının nümayəndələri ilə görüş olub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi və Cənubi Qafqaz üzrə proqram rəhbəri Lire Ersado ilə görüş olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə məqsəd əmək və sosial müdafiə, əmək bazarı ilə bağlı statistik potensialın gücləndirilməsi və müvafiq təhlillərin aparılması sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin dayanıqlı və uzunmüddətli sosial-iqtisadi inkişafına nail olunmasına yönələn islahatlar proqramının müsbət nəticələrini diqqətə çatdırıb: “İqtisadiyyatın şaxələndirilməsi əsasında yaradılan iqtisadi potensial son illər qlobal miqyasda iqtisadi çətinliklərin mövcud olduğu şəraitdə də ölkədə inkişaf tempinin davam etməsinə imkan verib. Eyni zamanda, iqtisadiyyatın sosialyönümlü inkişafı uğurla təmin olunur. Ötən dövrdə əhali gəlirlərində, əmək haqlarında dəfələrlə artım özünü göstərib və bu ilin yanvar-oktyabr aylarında isə əhali gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı isə 7,2 faiz çoxalıb”.

BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin hər biri ilə əlaqədar Azərbaycanda məqsədyönlü işlərin aparıldığını qeyd edən nazir diqqətə çatdırıb ki, eyni zamanda dövlət başçısının müvafiq Fərmanı ilə aidiyyəti dövlət orqanlarının və sosial tərəfdaşların rəhbər şəxsləri səviyyəsində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Gələn il ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin inkluziv və dayanıqlı iqtisadi inkişafın, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğun təbliğ edilməsi ilə bağlı 8-ci məqsədin icrasına dair beynəlxalq konfransın təşkili də nəzərdə tutulub.

S.Müslümov ölkəmizdə müsbət demoqrafik vəziyyətin mövcud olduğunu, əhalinin sabit artım tempinin davamı kimi, bu ilin əvvəlindən respublika əhalisinin sayının 57269 nəfər və ya 0,6 faiz artaraq 01 sentyabr tarixə 9 867 250 nəfərə çatdığını, həmin dövrdə müsbət mirqasiya saldosunun qeydə alındığını, ölkəyə gələnlərin sayının gedənlərin sayını 73 faiz üstələdiyini diqqətə çatdırıb: “Əhalinin artımı əmək qabiliyyətli əhalinin, o cümlədən hər il əmək bazarına daxil olan işçi qüvvəsinin də artımı ilə müşahidə olunur. Bununla əlaqədar dövlət başçısının müəyyən etdiyi vəzifəyə uyğun olaraq yeni iş yerlərinin açılması daimi xarakter alıb. Aparılan iqtisadi siyasətdə məşğulluq amili ön planda dayanır. Qeyri-neft sektorunun genişlənməsinə, biznes mühitinin yaxşılaşmasına və sahibkarlığın dəstəklənməsinə dövlətin davamlı dəstəyi ilə müşahidə olunan kompleks tədbirlər yüz minlərlə yeni iş yerinin açılmasına imkan verib. Bu proseslərlə yanaşı, sosial məsuliyyətin bölgüsü prinsipi üzrə məşğulluq orqanları ilə iri işəgötürənlərin əməkdaşlığı müstəvisində həyata keçirilən aktiv məşğuluq tədbirləri əmək bazarında əvvəllərdə əldə olunmuş sabitliyin və inkişaf meyllərinin davam etməsinə şərait yaradıb”.

Nazir bildirib ki, əmək bazarının tənzimlənməsi, onun səmərəliliyinin artırılması yönündə aparılan ardıcıl və məqsədyönlü işlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub və bu sıralamada nəinki bütün MDB ölkələrindən, hətta İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya və s. ölkələrdən öndə qərarlaşıb”.

S.Müslümov qeyd edib ki, ölkəmizdə iqtisadiyyatın müasir əsaslar, innovasiyalar üzərində dinamik inkişafı, müasir biliklərə əsaslanan iqtisadiyyatın getdikcə genişlənməsi əmək bazarında ixtisaslar üzrə işçi qüvvəsinə tələbin də sürətlə dəyişməsinə səbəb olur: “Bununla əlaqədar kadr hazırlığının əmək bazarında tələbin artmaqda olduğu ixtisaslara uyğun şəkildə, tələb və təklifin bir-birini tamamalaya biləcəyi istiqamətdə təşkili və təkmilləşdirilməsi, eləcə də işçilərin ixtisas səviyyələrinin yüksəldilməsində fasiləsizliyin təmin edilməsi hazırda diqqətdə dayanan məsələlərdən biridir. Ümumilikdə insan kapitalının inkişafı bu gün ölkədə aparılan siyasətin əsas prioritetidir və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu istiqamət əksini tapıb”.

S.Müslümov əmək və sosial müdafiə sahəsində son illərdə aparılan islahatlar, pensiya qanunvericiliyində son dəyişikliklər, ölkəmizdə yeni qəbul olunan “İşsizlikdən sığorta haqqında” Qanun barədə də məlumat verib. Nazir işsizlikdən sığorta sisteminin sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması ilə yanaşı, aktiv əmək bazarı proqramlarının inkişafını daha dolğun şəkildə stimullaşdıracağını bildirib: “Bu bizə aztəminatlı ailələrin sosial yardım sistemindən asılılığının aradan qaldırılmasına və onların sahibkarlığa keçidinə şərait yaradılması baxımından xüsusi önəm kəsb edən özünüməşğulluq proqramını xeyli genişləndirmək imkanı verəcək. Bu proqramın təkmillləşdirilməsi üçün müvafiq işlər də aparılacaq. Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanlarından da bu sahədə istifadə edilməsinə diqqət yetiriləcək”.

N.H.Naqvi Dünya Bankının Azərbaycanla əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu qeyd edib. O, ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması, eləcə də BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunması, əmək bazarının inkişaf etdirilməsi yönündə aparılan işləri dəstəklədiklərini bildirib.

Görüşdə əmək və sosial müdafiə sahəsindəki islahatlara dair fikir mübadiləsi aparılıb, müvafiq sahələr üzrə statistik potensialın gücləndirilməsi və təhlillərin aparılması sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti