...

Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda xeyriyyəçilik bazarında iştirak edib (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2017 17:41 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfirliyi Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının İslamabad şəhərində təşkil etdiyi illik xeyriyyəçilik bazarında iştirak edib.
Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda xeyriyyəçilik bazarında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfirliyi Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının İslamabad şəhərində təşkil etdiyi illik xeyriyyəçilik bazarında iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 19 xarici dövlətin Pakistandakı səfirliklərinin, habelə yerli şirkətlərin iştirakı ilə keçirilən bazarda hər bir təmsil olunan ölkənin mədəni dəyərlərinə, adət-ənənələrinə, iqtisadiyyatına, turizm potensialına və digər sahələrinə dair materiallar nümayiş etdirilib.

Tədbirin ali qonağı, Pakistanın birinci xanımı Mahmudə Məmnun Hüseyn çıxışında Qadınlar Assosiasiyasının xeyriyyəçilik tədbirini qeyri-rəsmi diplomatiyanın dəstəklənməsi, həmçinin xalqlar və mədəniyyətlər arasında vəhdət və həmrəyliyin təşviq edilməsi kimi qiymətləndirib.

Pakistan XİN Qadınlar Assosiasiyasının prezidenti xanım Ayişə Haq təşkilatın imkansızlara, əlillərə, müxtəlif fəlakətlərdən ziyan çəkənlərə əl tutduğunu bildirərək, fəal iştiraka görə səfirliklərə və şirkətlərə təşəkkür edib.

Tədbirin rəsmi hissəsinin davamı olaraq “Ölkələr Paradı”nda da təmsil olunan Azərbaycan səfirliyi tərəfindən Azərbaycan bayrağı Azərbaycan milli geyimində diplomatlarımızın övladları tərəfindən səhnədə dalğalandırılıb, Azərbaycanın “Sarı gəlin” mahnısının səadaları altında Nəzrin Əlizadənin ifasında Azərbaycan milli rəqsi tamaşaçılara nümayiş etdirilib.

Azərbaycan pavilyonunda isə Azərbaycanın milli geyimləri, Azərbaycan mətbəxinin ləziz nümunələrindən qoğal, şəkərbura, tort, paxlava, qutab və sair təamlarımız, eyni zamanda Azərbaycan tarixini və mədəniyyətini təzahür etdirən milli suvenirlər, Nizami məqbərəsinin, İçəri Şəhərin, Mömünə Xatın türbəsinin, Qız Qalasının, Şəki Xan sarayının, eləcə də aşıq sənətinin, milli musiqi alətlərinin və digər mədəniyyət nümunələrimizin əks olunduğu maketlər, Azərbaycan-Pakistan əlaqələrindən, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycanın sosial-iqtisadi inkişafından, turizm potensialından, görkəmli şəxsiyyətlərindən və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, fotoşəkillər xeyriyyə bazarına çıxarılıb.

Azərbaycan pavilyonu səfirliklər arasında zəngin təşkil olunanlardan və Azərbaycan səfirliyi “Ölkələrən Paradında” mədəni proqramla az sayda təmsil olunan səfirliklərdən olub. Xeyriyyə bazarında iştirak edənlər Azərbaycanın təmsil olunduğu pavilyona böyük maraq göstərib və milli musiqimiz tədbirdə alqışlarla qarşılanıb.

Xeyriyyəçilik bazarında əldə olunan vəsait imkansız insanların ehtiyaclarının ödənilməsinə sərf olunan Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının fonduna təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti