...

Elçin Qənbərov: Leyla Yunusun antiazərbaycan qüvvələrinin aləti olaraq Azərbaycanın imicinə zərbə vurmasının şahidi olmuşam

Cəmiyyət Materials 8 Dekabr 2017 13:24 (UTC +04:00)
Təxminən 1 il 6 aya yaxın hüquqlarını müdafiə etdiyim Leyla Yunusun ermənipərəst və antiazərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olmasının canlı şahidi olmuşam.
Elçin Qənbərov: Leyla Yunusun antiazərbaycan qüvvələrinin aləti olaraq Azərbaycanın imicinə zərbə vurmasının şahidi olmuşam

Bakı. Elçin Mehdiyev – Trend:

Təxminən 1 il 6 aya yaxın hüquqlarını müdafiə etdiyim Leyla Yunusun ermənipərəst və antiazərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olmasının canlı şahidi olmuşam.

Bunu Trend-ə Leyla Yunusun məhbəs həyatı barəsində “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın müəllifi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərov deyib.

E.Qəmbərov bildirib ki, Leyla Yunusu müdafiə etdiyi 1 il 6 ay ərzində həftədə 3 dəfə Kürdəxanıya həbsxanaya gedib: “Bütün gün ona həsr olunurdu. Bütün canımı onun işinə qoydum. Leyla Yunus xaricə gedəndən sonra eşidirdim ki, guya mənim hökumətə işlədiyim yönündə təbliğat aparırdı. Buna görə də mən də ona qarşı mübarizəyə başladım. Bu, mənim şəxsi məsələmdir. Hakimiyyət vəkillə müştəri arasında olan işin incəliklərini bilə bilməzdi”.

E.Qəmbərov vurğulayıb ki, kitabda Leyla Yunusun Azərbaycanda yaşadığı dövrdə, "Sülh və Demokratiya İnstiutu" adı altında dəfələrlə Ermənistana səfər edərək, orada Azərbaycan əleyhinə müxtəlif görüşlər keçirməsinin mahiyyəti öz əksini tapıb: "Hər şey tamah, mənfəət naminə prinsipi ilə işləyən" Leyla Yunusun törətdiyi çirkin əməllər təkzibedilməz faktlarla, konkret sənədlər və əyani sübutlarla ictimaiyyətə təqdim edilir. Leyla Yunusun hakimiyyətin onu həbsdən azad etməyəcəyi təqdirdə ATƏT-in Minsk qrupunun Ermənistanı dəstəkləməyə çağırışı, onun siyasi mənfəət naminə düşmənə dəstək verməsi təsadüfi deyil. Kitabda hələ 1991-ci ildə Dağlıq Qarabağda qanunsuz silahlı erməni birləşmələrinə qarşı keçirilən "Çaykənd əməliyyatı" zamanı AXC İdarə Heyətinin üzvlərinin, o cümlədən Leyla Yunusun beynəlxalq ictimaiyyətə ünvanlanmış Azərbaycanın Dağlıq Qarabağda ermənilərin etnik təmizləmə istiqamətində fəaliyyətini dayandırmağa çağırışları, eləcə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya dinc erməni əhalisinə qarşı vəhşiliklər törədildiyi barədə ittihamlar səsləndirməsi onun şəxsi maraqları, ambisiyaları naminə hər şeyi qurban verməyə hazır olması Qərb qeyri-hökumət təşkilatlarını maraqlandırmaya bilməzdi”.

Müəllif vurğulayıb ki, L.Yunusun hüquq müdafiəçisi adı altında rəhbərlik etdiyi təşkilatın bank hesabına məhz həmin QHT-lərin, o cümlədən Demokratiya Yardım Milli Fondu, Marşal Fondu və digər donor təşkilatlardan köçürülmüş 1 milyondan artıq vəsaitin böyük hissəsinin qanunsuz yollarla mənimsəyərək dövlət əleyhinə istifadə etməsi heç kəsə sirr deyil: “Bu insanın amalı ancaq pul olub. Qərb fondlarına 5-10 min qrant üçün müraciət edəndə çoxlu sayda problemlər ortaya çıxır, ən yaxşı halda 10 layihədən birini dəstəkləyirlər. Ancaq Leyla Yunusun bütün təşəbbüsləri dəstəklənib. Niyə? Axı o pullar Qərb dövlətlərinin vətəndaşlarının vergilərindən toplanmış pullardır. Leyla Yunus deyirdi ki, o, aldığı qrantlardan rüşvət verib. Həmin qərb dövlətlərinin maliyyə monitorinq xidmətləri hara baxır? O dövlətlərin maliyyə monitorinq xidmətləri bu məsələləri araşdırsa, mən bu işimin daha uğurlu olduğuna əmin olacağam. Bu kitabın Qərb ölkələrində də dərcini vacib sayıram. Bu kitabda mən onun şəxsi həyatına toxunmamışam. Vəkillik fəaliyyəti həmin şəxsin müdafiəsi başa çatan zaman başa çatır. Dünyada bir çox vəkillər memuarlar yazıblar. Digər tərəfdən, vəkillik etikasını hər bir şəxs qarşısında saxlamaq olar, ancaq Leyla Yunus qarşısında yox".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti