...

Bakının 12 rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib (FOTO)

Cəmiyyət Materials 12 Yanvar 2018 12:30 (UTC +04:00)
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsi başa çatıb.
Bakının 12 rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib (FOTO)

Bakı. Trend:

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsi başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzində paytaxtın 12 inzibati rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn 100-ə yaxın pedaqoji mühazirə şəhər mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilmək üçün seçilib. Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması”, “Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi”, “İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri”, “İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.

Pedaqoji mühazirələrin şəhər (rayon) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdirilərək innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə seçimlərə təqdim olunacaq. Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Qeyd edək ki, 2017-2018-ci dərs ilində təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələrin şəhər mərhələsinin 2018-ci ilin fevral-mart aylarında, ölkə mərhələsinin isə aprel-may aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti