...

Danimarkanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstəyini ifadə edib (YENİLƏNİB)

Cəmiyyət Materials 23 Yanvar 2018 19:51 (UTC +04:00)
Danimarkanın xarici işlər naziri Anders Samuelsen Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Avropa Şurasının qarşısında götürdükləri öhdəliklərini yerinə yetirməyə çağırıb.
Danimarkanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstəyini ifadə edib (YENİLƏNİB)

Bakı. Nigar Quliyeva - Trend:

Danimarkanın xarici işlər naziri Anders Samuelsen Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Avropa Şurasının qarşısında götürdükləri öhdəliklərini yerinə yetirməyə çağırıb.

Trend-in məlumatına görə, A.Samuelsen bunu AŞ PA-nın qış sessiyasında azərbaycanlı deputatlar Rafael Hüseynov və Qənirə Paşayevanın suallarına cavab verərəkən deyib.

O qeyd edib ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi Danimarka, ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətini dəstəkləyir:

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik ATƏT-in Minsk Qrupunun vəzifəsidir və bu AŞ Nazirlər Komitəsi tərəfindən dəfələrlə vurğulanıb. Ermənistan və Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək barədə AŞ qarşısındakı öhdəliklərini yerinə yetirməsi vacibdir. AŞ etimad tədbirlərini stimullaşdırmaqla sülh müqaviləsinin razılaşdırılmasına şərait yaratmağa kömək edə bilər".

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti AŞ PA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa səfər edib. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri S.Fətəliyevanın və V.Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi işlər və insan hüquqları komitələrində təqdim etdikləri “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması”, “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında məruzələrinin müzakirəsi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti