...

BANM-in iki tələbəsi Böyük Britaniyada fəxri ada layiq görülüb (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2018 10:15 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin iki tələbəsi Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüb.
BANM-in iki tələbəsi Böyük Britaniyada fəxri ada layiq görülüb (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) iki tələbəsi Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüb.

BANM-dan Trend-ə verilən məlumata görə, iki tələbə - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Nərmin Abdullazadə və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi Rəşad Nəzərəliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən “İlin tələbəsi” fəxri adına layiq görülüblər. Heriot-Vatt Universiteti tərəfindən hazırlanan sertifikatlar BANM-ın rektoru Elmar Qasımov tərəfindən ilin tələbələrinə təqdim edilib.

2012-ci ildən neft-qaz sektoru üzrə kadr hazırlığında dünyanın aparıcı universitetlərindən olan Heriot-Vattla əməkdaşlıq edən BANM-da təhsil həmin universitetin tədris proqramları əsasında həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində, Ali Məktəbin “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə imtahanlar Heriot-Vattın məsul mütəxəssisləri tərəfindən götürülüb. Nəticədə, Heriot-Vatt Universiteti bütün filiallarında və partnyor universitetlərində, bütün il ərzində öz akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən tələbələri arasında BANM-dan iki tələbəni seçərək mükafatlandırıb.

“Mən semestr imtahanlarının nəticələrinə əsasən 50 nəfər arasından Heriot-Vatt Universitetinin tələbəsi kimi seçilərək ikili diplom proqramına qoşulmuş 21 tələbədən biriyəm. Heriot-Vatt Universitetinin keçirdiyi imtahanlarda ortalama balıma görə isə həmişə ilk 5-likdə olmuşam” – deyə Nərmin Abdullazadə qeyd edib. O həmçinin, ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konfranslarda “Mərkəzdənqaçma nasoslarının paralel işlədilməsi”, “Metal-üzvi-çərçivələrin istixana qazlarının ayrılması və hidrogen saxlanması üçün tətbiqləri” mövzusunda çıxışlar edib və müxtəlif sertifikatlarla mükafatlandırılıb. Nərmin Abdullazadənin sözlərinə görə, o BANM-da təhsil aldığı müddət ərzində H.Əliyev adına Neft Emalı Zavodu, Azərikimya İB, Türkiyədə “Petkim Petrokimya Holding A.Ş.” kimi müəssisələrdə istehsalat təcrübələri keçib.

Rəşad Nəzərəliyev isə 2009-2010-cu illərdə Kimya fənni üzrə keçirilən Respublika fənn olimpiadasında birinci yeri tutub, ümummilli lider Heydər Əliyevin ildönümünə həsr olunmuş konfranslarda “Sintetik qazma mayeləri”, “Neft hasilatının gücləndirilməsi üçün nanotexnologiyanın tətbiqi” kimi mövzularda çıxışlar edərək sertifikatlar əldə edib, BP-də təcrübə və yay kursu keçib.

Qeyd edək ki, Nərmin Abdullazadə Bakı Ali Neft Məktəbinə 652, Rəşad Nəzərəliyev isə 677 balla daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti