...

Komitə xüsusi qayğıya ehtiyacı olan xanımlar üçün aksiya keçirib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2018 13:13 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də xanımlar üçün birbaşa ünvanlarda qeydiyyat xidməti ilə bağlı aksiya keçirib.
Komitə xüsusi qayğıya ehtiyacı olan xanımlar üçün aksiya keçirib (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Qadınlar Günü münasibətilə martın 7-də xanımlar üçün birbaşa ünvanlarda qeydiyyat xidməti ilə bağlı aksiya keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, bu kampaniya çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinin həyat yoldaşlarına, o cümlədən fiziki məhdudiyyətli qadınlara birbaşa olaraq yaşadıqları ünvanlarda qeydiyyat xidmətləri göstərilib.

Komitənin əməkdaşları xüsusi nəqliyyat vasitələri ilə paytaxtla yanaşı, respublikanın bir neçə rayonlarına, o cümlədən qəsəbələrə, ucqar kənd yerlərinə gedərək, yaşlı qadınlara, tənha analara evlərindəcə əmlaklarına dair hazır çıxarışlar təqdim ediblər.

Paytaxt üzrə çıxarış alan xanımlar arasında hətta ahıl, 80 yaşdan yuxarı olan qadınlar da olub.

Eyni zamanda cəbhə bölgəsində yerləşən rayon sakinləri olan xanımlara birbaşa olaraq ünvanlarında qeydiyyat xidmətləri göstərilib.

Verilən çıxarışlar əsasən mənzilləri, fərdi yaşayış evlərini, pay torpaqlarını, həyətyanı torpaqları əhatə edib.

Həmin gün xüsusi qayğıya ehtiyacı olan bir neçə qadınlar da növbəti mərhələdə çıxarışla əvəz olunması üçün lazımi sənədləri komitə əməkdaşlarına təqdim ediblər. Komitənin hüquqşünasları kampaniya çərçivəsində xanımların qeydiyyat prosesi və sənədlərlə bağlı suallarını cavablayıb, sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi ilə bağlı istiqamət veriblər. Qadınlar sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvanlarında çatdırılmasından razılıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti