Bakı. Trend:
Bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının birinci günü start götürüb.
Trend-in məlumatına görə, yarışların birinci günündə gənclər arasında batut, eləcə də böyüklər arasında ikili mini-batut və tamblinq üzrə yarışlar baş tutacaq.
Azərbaycanı birinci gün yarışlarda Selcan Maqsudova, Riyad Abbasov və Mixail Malkin təmsil edir.
Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir.
Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək.
Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.
Çempionat aprelin 15-ə kimi davam edəcək.