Bakı. Trend:
Əmək pensiyaçısı olan Qarayev Habil Qara oğlunun sosial şəbəkələrdəki məlum səhifələrdə paylaşılan videoçıxışında guya onun aşağı məbləğdə pensiya alması və bu ilin əvvəlindən pensiyasının cəmi 50 qəpik artırılması barədə dedikləri sadəcə olaraq məqsədli şəklidə yalan söyləməkdən başqa bir şey deyil.
Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
E.Babayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 1 yanvar tarixindən əmək pensiyaları 2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilməklə, 5,7 faiz artırılıb:
“Əmək pensiyaçısı olan Habil Qarayevin də əmək pensiyası cari ilin əvvəlindən 5,7 faiz artırılmaqla 313.20 manatdan 324.16 manata çatdırılıb. Göründüyü kimi, Habil Qarayevin əmək pensiyası heç də onun əsassız yerə söylədiyi 50 qəpik civarında yox, təqribən 10.96 manat artırılıb. Hazırda 324.16 manat (ölkə üzrə aylıq əmək haqqının 64 faizi qədər) əmək pensiyası alan bir şəxsin guya xeyli aşağı məbləğdə pensiya alan birisi kimi özünü təqdim edərək, sosial şəbəkə vasitəsilə belə bir yalanla cəmiyyət önünə çıxması faktı təbii ki, təəssüf doğurur. Eyni zamanda, bu faktın əsasında Habil Qarayevin dediklərini dəqiqləşdirmək üçün heç bir cəhd etməyən, əksinə, onun əsassız fikirlərini dərhal siyasiləşdirmək üçün sosial şəbəkədə tirajlamağa, bununla ölkədə aparılan uğurlu islahatları, o cümlədən pensiya təminatının yaxşılaşdırılması yönündə atılan addımları ləkələməyə cəhd edənlərin dayandığı aydındır”.