...

Hyuston şəhərində Azərbaycan Xalq Cumhiriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd edilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2018 07:22 (UTC +04:00)
Cari ilin 31 may tarixində ABŞ-ın enerji paytaxtı sayılan, ABŞ-ın ən böyük şəhərlərindən olan və çoxsaylı Azərbaycan icmasının yaşadığı Hyuston şəhərində ADR-in 100 illiyinə həsr edilmiş rəsmi tədbir keçirilib.
Hyuston şəhərində Azərbaycan Xalq Cumhiriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd edilib (FOTO)

Bakı. Trend:

Cari ilin 31 may tarixində ABŞ-ın enerji paytaxtı sayılan, ABŞ-ın ən böyük şəhərlərindən olan və çoxsaylı Azərbaycan icmasının yaşadığı Hyuston şəhərində ADR-in 100 illiyinə həsr edilmiş rəsmi tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiyasiyası və Hyuston Birləşmiş Millətlər Assosiyasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin çoxsaylı qonaqları sırasında Texas ştatında akkreditə olunan xarici diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan, Yəhudi, Pakistan, Türk icmalarının nümayəndələri və Texas ştatının bir sıra nüfuzlu ictimai və dövlət xadimləri iştirak edib.

Tədbirdə Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiyasiyasının və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova çıxış edərək 1976-cı ildən fəaliyyət göstərən Assosiyasiyanın yaranma tarixi və 42 il ərzində görülən işlər barədə qonaqlara ətraflı məlumat verdi.

Hyustonla Qardaşlaşmış Şəhərlər Assosiyasiyasının prezidenti Harri Gi öz çıxışında bayram münasibəti ilə Azərbaycan icmasını təbrik etdi və Hyuston şəhərinin xarici əlaqələri barədə məlumat verdi. Hyustonla bu günədək qardaşlaşmış şəhərlərin sayının 18 olduğunu qeyd etdi və bu təcrübənin ölkələr arasında mövcüd əlaqələrə müsbət təsir göstərdiyini bildirdi.

Daha sonra Birləşmiş Millətlər Assosiasiyasının rəhbəri Daniel Stoeker çıxış edərək, ABŞ-Azərbaycan əməkdaşlığı barədə söz açdı və bu əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd etdi.

Amerika Yəhudi Komitəsinin Hyuston şəhəri üzrə Regional direktoru Randall Çarlinski Azərbaycanda millətlər və dinlər arası tolerantlıq barədə məlumat verərək, Azərbaycanın regionda İsrail və ABŞ-ın ən etibarlı tərafdaşı olduğunu bildirdi. 2017-ci ildə Texas ştatında baş vermiş “Harvi” qasırğası nəticəsində dağıntıya məruz qalmış Beth Yeşurun senaqoqunun bərpasında Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyindən danışaraq göstərilmiş köməkliyə görə minnətdarlığını ifadə etdi.

Azərbaycan icması adından çıxış edən Gülər Ələkbərova tədbir iştırakçılarına Azərbaycan Demokratik Respublikasının yaranma tarixi barədə məlumat verdi.

Daha sonra tədbirdə əsas natiq qismində çıxış edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Suleymanov Azərbaycan-ABŞ əlaqələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək Hyuston şəhərinin bu əlaqələrin inkişafında xüsusi rolunun olduğunu qeyd etdi.

Bu günki Azərbaycanın 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının müstəqillik ideyasının təcəssümü olduğunu bildirdi. Ümümmili lider Heydər Əliyev tərəfindən təməli qoyulan müasir Azərbaycanın müstəqil siyasətinin hal-hazırda Prezident lham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Aparılan müdrik siyasət nəticəsində ölkəmizin dünyada etibarlı tərəfdaş və tolerantlıq məkanı kimi tanındığını bildirdi.

Azərbaycanın bu gün uğurlu dövlət olduğunu, lakin dövlətimizin keçdiyi yolun asan olmadığını qeyd edərək, müstəqilliyinin bərpasının ilk günlərindən Ermənistanın hərbi təcavüzünə məruz qalması barədə tədbir iştırakçılarına məlumat verdi. Hərbi təcavüz nəticəsində bir milyondan çox insan öz doğma ocaqlarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildiyini qeyd etdi.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hazırda regionun lider dövləti olduğunu qonaqların diqqətinə çatdırdı.

Cari ilin 29 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Avropanın enerji xəritəsini dəyişən “Cənub Qaz Dəhlizi” layihəsinin Bakıda rəsmi açılış mərasiminin keçirildiyini qeyd etdi və bu tarixi hadisə barədə qonaqlara ətraflı məlumat verdi.

Çıxışının sonunda Elin Suleymanov tədbirin təşkilinə görə təşkilatçılara, icma üzvlərinə, xüsüsən də İradə Axundovaya öz dərin təşəkkürünü bildirdi.

Daha sonra Texas ştatının qubernatoru Qreq Abbot, dövlət katibi Rolando Pablos və Hyuston şəhərinin meri Silvester Turner tərəfindən 28 may 2018-ci il tarixinin Hyuston şəhərində Azərbaycan Demokratik Respublikası günü elan edilməsi barədə bəyannamələr tədbir iştırakçılarına elan edildi.

Tədbirin sonunda pianoçular Cəmilə Cavadova, Təranə Taylor və onların tələbələri Mika Jiang, Sean McDonald və Jilie Jackson tərəfindən bu il 100 illiyi qeyd edilən bəstəkar Qara Qarayevin əsərləri ifa edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti