...

AHİK sədri: Azərbaycanda istehsalat qəzasından ölən və xəsarət alanların sayı azalıb

Cəmiyyət Materials 19 İyul 2018 16:21 (UTC +04:00)
Azərbaycanda istehsalat qəzasından ölən və xəsarət alanların sayı azalıb.
AHİK sədri: Azərbaycanda istehsalat qəzasından ölən və xəsarət alanların sayı azalıb

Bakı. Samir Əli - Trend:

Azərbaycanda istehsalat qəzasından ölən və xəsarət alanların sayı azalıb.

Trend-in məlumatına görə, bunu "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)" Respublika müsabiqəsinin qaliblərinin təltif olunmasına həsr olunmuş tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.

S.Möhbalıyev qeyd edib: "2017-ci ildə respublika üzrə istehsalat zədələnməsinin vəziyyətinə nəzər yetirsək görərik ki, həmkarlar ittifaqlarının fəaliyyət dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda xəsarət alanların sayı ötən illə müqayisədə 28,4 faiz (95 hadisəyə qarşı 68 hadisə), istehsalat xəsarətindən ölənlərin sayı isə 36,7 faiz (49 nəfərə qarşı 31 nəfər) azalıb".

O əlavə edib ki, respublika üzrə isə istehsalat xəsarəti alanların sayı 26,9 faiz (249 nəfərə qarşı 182 nəfər), istehsalat qəzasından ölənlərin sayı isə 27,4 faiz (84 nəfərə qarşı 61 nəfər) azalıb:

"Cari ilin altı ayında ötən ilin dövrü ilə müqayisədə həmkarlar ittifaqının əhatə dairəsində olan müəssisələrdə ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 2,5 dəfə (15 nəfərə qarşı 6 nəfər) azalıb. Respublika üzrə bu göstərici 42,8 faiz azalaraq 35 nəfərə qarşı 20 nəfər olub".

AHİK sədrinin sözlərinə görə, baş vermiş bədbəxt hadisələrin araşdırılması göstərir ki, son illər ərzində ölümlə nəticələnən bədbəxt hadisələrin əksəriyyəti yeni və formalaşmaqda olan peşə riskləri fonunda baş verib. Buna istehsal proseslərinin texniki təkmilləşməsi, kollektivdə və işçinin ailəsində baş verən sosial və təşkilati dəyişikliklərin təsiri də az olmayıb:

"Təkcə 2017-ci ildə ölümlə nəticələnmiş istehsalat xəsarətlərinin 40,6 faizi təlimat və qaydalara əməl edilməməsi, 21,6 faizi təhlükəsizlik qaydalarının pozulması, 5,4 faizi işin düzgün təşkil olunmaması, işə rəhbərlik və nəzarətin olmaması, 2,7 faizi maşın və mexanizmlərdən istifadə qaydalarının pozulması səbəbindən baş verib".

O deyib ki, araşdırma aparılarkən gənc işçilərin xəsarət alma hallarına xüsusi diqqət yetirilib: "Belə ki, 2017-ci ildə istehsalat xəsarəti nəticəsində biz 15-30 yaş arası 2, son 5 ilin nəticələrinə görə isə 21 gənc işçi itirmişik ki, bu da xəsarət nəticəsində həlak olan 186 nəfərin 11,3 faizini təşkil edir. Hamıya məlumdur ki, hər bir işçi işə öz ailə-məişət və sosial-iqtisadi problemləri ilə gəlir. İş əsnasında istehsalatla bağlı problemlər də ortaya çıxdıqda gənc işçilər daha dözümsüz və həssas olurlar, bu da onların sağlamlığına və təhlükəsizliyinə zərər vurur.

Zona seminarlarında iştirak edən gənc işçilərin məlumatlarını təhlil edərək belə nəticəyə gəlmək olar ki, onlar istehsal prosesləri, təhlükəsiz iş üsulları barədə kifayət qədər biliyə və səriştəyə malik deyillər, nəticə etibarilə istehsalat xəsarətləri əmək qabiliyyətinin uzun müddətə itirilməsinə, bəzən isə əlilliyə gətirib çıxarır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti