...

Mariana Vasileva: Bolqarıstandakı dünya çempionatı Azərbaycan milli komandası üçün çox uğurlu oldu

Cəmiyyət Materials 20 Sentyabr 2018 16:23 (UTC +04:00)
Bu günlərdə Bolqarıstanda baş tutmuş bədii gimnastika üzrə 36-cı dünya çempionatını Azərbaycan milli komandası üçün çox uğurlu hesab etmək olar.
Mariana Vasileva: Bolqarıstandakı dünya çempionatı Azərbaycan milli komandası üçün çox uğurlu oldu

Bakı. Ənvər Məmmədov - Trend:

Bu günlərdə Bolqarıstanda baş tutmuş bədii gimnastika üzrə 36-cı dünya çempionatını Azərbaycan milli komandası üçün çox uğurlu hesab etmək olar.

Bunu Trend-ə milli komandanın baş məşqçisi Mariana Vasileva deyib.

M.Vasilevanın sözlərinə görə, gimnastların nəticələri ildən-ilə yaxşılaşır:

“Ötən il dünya çempionatında fərdi yarışlarda çoxnövçülük üzrə finallara çıxa bilməmişdik, çünki gimnastımız Zöhrə Ağamirova gənc və təcrübəsiz idi. Bu il isə o, finala çıxa bildi və 1690 gimnast arasında 24 ən yaxşı gimnastdan biri oldu. Nəzər alsaq ki, onun 16 yaşı var, bu çox yaxşı göstəricidir. Bu il dünya çempionatına ilk dəfə Darya Sorokina və Veronika Qudis qatılıb. Nəticədə Azərbaycan komanda hesabında 36 ölkə arasında 9-cu yeri tutdu. Mən bunu yaxşı nəticə hesab edirəm. Əsas odur ki, idmançılarımızın çox şey vəd edən gələcəyi var. Bizim gənc komandamız var, dünya çempionatında ən gənc komandalardan biri hesab oluna bilər”.

M.Vasileva bildirib ki, ən yaxşı nəticəni qrup komandası göstərdi və bədii gimnastikada lider komandalardan biri olduğunu bir daha təsdiq etdi:

“Əlbəttə, top və iplə hərəkətlərdə bürünc medal qazandığımız Avropa çempionatından sonra çıxış etmək bir qədər çətin idi. Çünki hər kəs bizdən yaxşı nəticə göszləyirdi. Amma hər şey yaxşı alındı və biz hər iki finala çıxa bildik. Bundan başqa, Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə, Bakıda keçiriləcək dünya çempionatına vəsiqə qazandıq”.

Baş məşqçi əlavə edib ki, bu ilin sonunadək əsas milli komandanın iri yarışı yoxdur:

“Qrup komandasının yeganə çıxışı Belçikada qala-konsertdə olacaq ki, bu da nümunəvi çıxışlar olacaq. Fərdi gimnastlara gəldikdə isə, Darya Sorokina və Veronika Qudis Brno Qran-prisində və digər beynəlxalq turnirlərdə iştirak edəcək”.

Qeyd edək ki, ötən həftə Bolqarıstanın Sofiya şəhərində bədii gimnastika üzrə 36-cı dünya çempionatı keçirilib. Dünya birinciliyi uğrunda mübarizə aparan 36 qrup komandası arasında Azərbaycan gimnastları Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova iki kompozisiya üzrə finalda çıxış ediblər. Ən güclülərin mübarizə apardığı bu mərhələdə komandamızın halqa ilə çıxışları 20.100 xalla dəyərləndirilib. Bununla da onlar dünya çempionatının 5-cisi olublar. Gimnastlarımızın 3 top-2 ip ilə icra etdiyi digər final çıxışı isə onları 7-ci edib. Komandamız çoxnövçülük proqramında sıralamada da 7-ci yerdə qərarlaşıb.

Ölkəmizi bu turnirdə təmsil edən Zöhrə Ağamirova və çempionatın debütantlarından olan Veronika Qudis və Darya Sorokina bütün güclərini toplayaraq ən yaxşı şəkildə öz çıxışlarını təqdim etməyə çalışıblar. Nəticədə qızlarımız komanda hesabında 38 ölkə arasında 9-cu pillədə qərarlaşıblar. Çoxnövçülük yarışlarında isə Zöhrə 24 ən yaxşı gimnastın siyahısına daxil olmağı bacarıb. Bu proqramda mübarizə aparmış debütant idmançımız V.Qudisi isə finaldan cəmi 1 addım ayırıb və nəticədə gimnastımız 25-ci yerdə qərarlaşıb.

Dünya birinciliyində ilk dəfə çıxış edən digər təmsilçimiz Darya Sorokina isə ən yaxşı nəticəsini topla çıxışında göstərib və 148 gimnast arasında 48-ci pillədə qərar tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti