Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesini tənzimləyəcək qaydalar layihəsi müzakirə mərhələsindədir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, son vaxtlar ümumi təhsil müəssisələrində sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində qeyd olunan fikirlər rəsmi mənbələrə əsaslanmır:
"Belə mühüm əhəmiyyətli tədbirin həyata keçirilməsi barədə ictimaiyyət arasında yanlış rəy formalaşdırılmasının qarşısının alınması məqsədilə nəzərinizə çatdırırıq ki, hazırda “Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” layihəsi mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Müzakirələr başa çatdıqdan sonra yekun sənəd təsdiq üçün hökumətə təqdim ediləcək. Sertifikatlaşdırma prosesinin aparılması qaydası təsdiq edildikdən sonra prosesin nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək".