Bakı. Trend:
Oktyabrın 17-də Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayonu Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə “18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü”nə həsr edilmiş “Haqqım var ki, öyünüm Azərbaycan deyəndə!” adlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, professor, tarix elmləri doktoru Musa Quluzadə, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, ziyalılar, YAP fəalları və gənclər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Himni ilə başlandı. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri açıq elan edərək giriş nitqi ilə çıxış etdi. Aygün Əliyeva ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılmış müstəqilliyimizin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndiyini bildirdi. O, Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artım tempinə görə nəinki regionda, həm də dünyada lider mövqeyə çatdığını qeyd etdi. Natiq regionda heç bir irimiqyaslı layihənin Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmədiyini bildirdi.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, tarix elmləri doktoru Musa Quluzadə xalqımızın azadlıq və müstəqillik yolunda keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçdiyini qeyd etdi. Natiq XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətinin də məhz müstəqil Azərbaycan dövlətinin yaradılması olduğunu bildirdi.
Növbəti çıxış edən Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov qeyd etdi ki, müstəqilliyimizin bərpasının 27 ili ərzində ayrı-ayrı sahələrdə, o cümlədən gənclər və idman sahəsində böyük uğurlar əldə edilib. Elvin Aslanov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Bakı şəhəri və bölgələrdə müxtəlif təyinatlı idman mərkəzlərinin tikilməsindən, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsindən bəhs etdi.
Çıxışlar bitdikdən sonra 18 Oktyabr – “Dövlət Müstəqilliyi Günü”nə həsr edilmiş “Xəmsə” Milli İntellektual oyununda qalib gəlmiş komandaların təltif edilməsi mərasimi baş tutdu.