...

Şagirdlər “Azərxalça”nın Şəmkir filialı ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 25 Oktyabr 2018 16:56 (UTC +04:00)
Məktəb şagirdlərinin “Azərxalça”nın filiallarını ziyarət etməsi artıq ənənə halını alır
Şagirdlər “Azərxalça”nın Şəmkir filialı ilə tanış olublar (FOTO)

Bakı. Trend:

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialları istehsal müəssisəsi olmaqla yanaşı, turizm obyekti və milli dəyərlərimizin təbliği məkanı kimi də mühüm rol oynayır.

Qurumdan Trend-ə verilən məlumata görə, ölkəmizə gələn turistlər “Azərxalça”nın bölgələrdəki filiallarını da ziyarət edir, Azərbaycan xalçaları barədə ətraflı məlumatlandırılırlar. Bundan başqa, respublikamızın bölgələrində fəaliyyət göstərən məktəblərin şagirdlərinin tez-tez bu filiallara ekskursiyası təşkil olunur. Bu ziyarətlər artıq ənənəyə çevrilməkdədir. Məqsəd yeniyetmə və gənclərə milli dəyərimiz olan Azərbaycan xalçasını sevdirməkdir.

Şəmkir rayon Düyərli kənd 2 nömrəli orta məktəbin müəllim və şagirdləri “Azərxalça”nın Şəmkir filialı ilə tanış olublar.

Qonaqlara məlumat verilib ki, filial binası 2017-ci ilin avqust ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Hazırda xalça istehsalı emalatxanasında 80-ə yaxın toxucu çalışır. Burada Gəncə qrupuna aid xalçaların toxunmasına üstünlük verilir. Gəncəbasar Azərbaycanın tarixi xalçaçılıq bölgələrindən biridir. Gəncə qrupuna Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarının, Gəncə şəhərinin ərazilərində toxunan xalça və xalça məmulatları daxildir.
Zəngin boyaq bitkiləri, inkişaf etmiş qoyunçuluq təsərrüfatları burada xalçaçılıq sənətinin formalaşmasına imkan yaradıb. Gəncə qrupunun həm dağlıq, həm də dağətəyi rayonlarda toxunmuş xovlu və xovsuz xalçaları yerli əhalinin gündəlik məişət ehtiyaclarını ödəməklə yanaşı, həm də ticarət məqsədləri üçün nəzərdə tutulub. Gəncə şəhərində fəaliyyət göstərmiş xalça bazarında Azərbaycan, Türkiyə, İran, Orta Asiya xalçalarının ticarəti aparılıb. Coğrafi baxımdan yaxınlıq Qarabağ, Qazax-Borçalı qrupuna aid olan xalça nümunələri ilə bu xalçaların texniki və bədii xüsusiyyətlərinin oxşarlığına öz təsirini göstərib.
Bildirilib ki, fabrikdə vaxtilə bu ərazidə toxunan xalçaların çeşniləri əsasında məhsullar istehsal edilir.

Şagirdlər burada toxunan xalçalara maraqla baxıblar, toxuculara bu xalçalarla bağlı suallar ünvanlayıblar. Onların verdikləri suallar ətraflı cavablandırılıb, müəllim və şagirdlərə Azərbaycan xalçaçılığının tarixi barədə geniş məlumat verilib.

Məktəbin direktoru Bela İsmayılova şagirdlərin xalçaçılıq tariximiz barədə ətraflı məlumat əldə etməsinin əhəmiyyətini vurğulayıb, filialla tanışlıq üçün yaradılan şəraitə görə minnətdalıq edib. Qeyd olunub ki, belə ekskursiyalar gənc nəslin milli dəyərlər ruhunda tərbiyə olunmasında, qədim el sənətlərimizi sevməsində mühüm əhəmiyyət daşıyır.

Sonda xatirə şəkili çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti