...

AMEA-nın Hərbi Akademiya ilə birgə hazırladığı hərbi təyinatlı cihazlara baxış keçirilib (FOTO)

Cəmiyyət Materials 31 Oktyabr 2018 16:18 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladığı hərbi təyinatlı cihazlara baxış zamanı onların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimi izləyiblər. Hərbi təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Strateji Elmi-Tədqiqat Mərkəzinin alim və əməkdaşları da iştirak ediblər.

Təlimdə Azərbaycan Milli Elmlər Akademiyasının Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə birgə hazırladıqları “İldırım RP-10” radiopartladıcısı, “Sərhəd Sipər Sistemi” və digər hərbi təyinatlı cihazlara baxış keçirilib. Adıçəkilən cihazların yüksək texniki göstəricilərə malik olduğu müşahidə edilib.

Qeyd edək ki, “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3,5 min metr məsafədə, birbaşa görüntülü ərazidə isə 7 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirərək mərkəzə məlumat ötürür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti