Bakı. Trend:
Sankt-Peterburqda “Rusiya və Şərq. Akademik şərqşünaslığın 200 illiyi” mövzusunda beynəlxalq forum keçirilib.
AMEA Şərqşünaslıq İnstitutundan Trend-ə verilən məlumata görə, forum Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun yaranmasının 200 illiynə həsr olunub. Forumda Azərbaycanı AMEA prezidenti akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə AMEA Humanitar elmlər bölməsinin akademik katibi, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA İctimai elmlər bölməsinin akademik katibi akademik Nərgiz Axundova, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili akademik Gövhər Baxşəliyeva və digərləri daxil idi.
Forumun işində 20 ölkədən 300-dən çox alim-tədqiqatçı iştirak edib. Forumun təntənəli açılış mərasimində akademik Akif Əlizadə geniş nitqlə çıxış etdi və Rusiya Elmlər Akademiyası Şərq Əlyazmaları İnstitutunun çoxsaylı kollektivini yubiley münasibətilə təbrik etdi, Azərbaycan əlyazmaları haqqında kitabları Şərq Əlyazmaları İnstitutunun direktoru, prof. İ.F.Popovaya təqdim etdi.
Forumun ikinci günündə ümumi təbriklər davam etdi. Azərbaycan alimləri adından akademik Nərgiz Axundova çıxış etdi və REA Şərq Əlyazmaları İnstitutunun kollektivini bu böyük yubiley münasibətilə səmimi qəlbdən təbrik etdi.
Daha sonra dəyirmi masalar keçirildi. Azərbaycanlı alimlər əsasən “Avrasiya məkanında akademik şərqşünaslıq: tarix və perspektivlər” mövzusunda dəyirmi masada iştirak etdilər. İlk öncə söz AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevaya verildi. O, REA Şərq Əlyazmaları İnstitutunun direktorunu və çoxsaylı kollektivini yubiley münasibətilə təbrik etdi, xoş arzularını bildirdi. G.Baxşəliyeva vaxtilə Rusiya və Azərbaycan şərqşünasları arasında mövcud olmuş sıx əlaqələrdən söhbət açdı və bu gün də həmin əlaqələrin bərpasına böyük ehtiyac olduğunu vurğuladı.
Sonra tədbirdə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə REA Şərq Əlyazmaları İnstitutu arasında elmi-təşkilati əməkdaşlıq haqqında protokol imzalandı. İmzalanan protokol İnstitutların mövcud şöbələrinin birgə layihələr həyata keçirmələrini, tədqiqatlar aparmalarını, elmi işçilər və doktorantlar üçün qarşılıqlı təkmilləşdirmə kurslarının təşkilini, elmi, dövrü ədəbiyyat və kadr mübadiləsini və s.-ni nəzərdə tutur.
Protokolu Azərbaycan tərəfdən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili akademik G.Baxşəliyeva, Rusiya tərəfdən REA Şərq Əlyazmaları İnstitutunun direktoru, prof. İ.Popova imzaladılar.
Daha sonra dəyirmi masanın əsas məruzəsi ilə akademik G.Baxşəliyeva çıxış etdi. Məruzə postsovet dövründə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi fəaliyyətinə həsr olunmuşdu.
G.Baxşəliyeva 60 il öncə yaradılmış Şərqşünaslıq İnstitutunun qarşısında duran başlıca vəzifənin Yaxın və Orta Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi, mәdәni inkişafının qanunauyğunluqlarının öyrәnilmәsi olduğunu dedi: “Yüksək ixtisaslı kadrların sayəsində İnstitutda aparılan tədqiqatların mövzu dairəsi də genişləndirilib. Kollektivin əsas fəaliyyəti Şәrq xalqlarının tarixinə, iqtisadiyyatına, ictimai-siyasi fikrinə və filologiyasına dair aktual problemlərin kompleks tədqiqinə yönəldi. Bundan əlavə İnstitutda ərəbdilli və farsdilli Azərbaycan alimlərinin və ədiblərinin yaradıcılığına dair tədqiqatlar aparılır.
Keçmiş İttifaqın şərqşünaslıq mərkəzləri ilə sıx əlaqə, elmi təcrübə mübadiləsi, Azərbaycana bu sahənin inkişafında böyük kömək göstərdi.
Respublikamızın müstəqillik qazanması institutun önündə yeni üfüqlər açmaqla bərabər, həm də ciddi vəzifələr qoyub. Belə ki, xarici siyasət xəttini bu gün müstəqil surətdə müəyyən edən Azərbaycan Respublikası üçün həm Şərq ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi və həm də regionda gedən proseslərdə dövlət maraqlarının qorunması İnstitutun elmi fəaliyyəti dairəsinin daha da tutumlu olmasını, bir sıra yeni istiqamətlərin yaradılması və ciddi keyfiyyət dəyişikliklərinin həyata keçirilməsini vacib edib. İnstitutun kollektivi bu yeni şəraiti qiymətləndirərək qeyd edilən problemlərin həlli istiqamətində addımlar atıb və atmaqdadır. Bu gün institutda elmi tədqiqat işləri əsasən aşağıdakı istiqamətlərdə aparılır: Şәrq ölkәlәrinin ictimai-siyasi, iqtisadi, mәdәni inkişafının qanunauyğunluqlarının öyrәnilmәsi; Şәrq xalqlarının tarixi, filoloji, dini-fәlsәfi irsinin tәdqiqi; yazılı abidәlәrin araşdırılması, tәrcumәsi vә nәşri; Şәrq-Qәrb sivilizasiyalararası münasibәtlәrinin öyrәnilmәsi; Azәrbaycan vә Şәrq xalqlarının tarixi-mәdәni әlaqәlәrinin tәdqiqi; Müstәqil Azәrbaycan Respublikası ilә Şәrq ölkәlәri arasında siyasi, iqtisadi, diplomatik vә mәdәni münasibәtlәrin araşdırılması vә onlara dair proqnoz vә tövsiyәlәrin işlәnib hazırlanması.
Mühüm yenilik Yaxın və Orta Şərq ölkələri ilə bərabər, Mərkəzi Asiya, Uzaq Şərq, Asiya - Sakit Okean regionuna daxil olan ölkələrin tədqiqinə başlanılmasıdır. Şərq-Qərb qarşılıqlı münasibətlər və təsir probleminə də böyük diqqət yetirilir.”
G.Baxşəliyeva tədbir iştirakçılarına bu gün Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən şöbələr və hər bir sahədə nəşr olunan fundamental əsərlər barədə ətraflı məlumat verdi.
Sonra məruzə ətrafında müzakirələr aparıldı. Tədbir iştirakçıları postsovet məkanında şərqşünaslıq sahəsində aparılan tədqiqatların əlaqələndirilməsi yolları barədə öz fikirlərini bildirdilər.