Bakı. İlhamə İsabalayeva - Trend:
Nazirlər Kabineti sosial evlərin verilməsi ilə bağlı müəyyən edilmiş güzəştli kateqoriya siyahısına neftçilərin daxil edilməsi ilə bağlı təklifə münasibət bildirib.
Trend-in məlumatına görə, Nazirlər Kabineti bildirib ki, güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı kateqoriya müəyyən edilərkən əsas amil olaraq, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin və sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda, güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılmasını zəruri edir. Belə ki, 2018-ci ildə güzəştli ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılmasına baxmayaraq, hazırda bu növ ipoteka kreditlərindən faydalanmaq üçün 186 milyon manatdan artıq məbləğdə müraciətlər daxil olub:
"Digər tərəfdən, qeyd etmək lazımdır ki, son statistik məlumatlara əsasən, xam neft və təbii qaz hasilatı üzrə muzdla işləyən işçilərin sayı 21019 nəfər və mövcud işçilərin orta aylıq nominal əməkhaqqı 3 583, 7 manat təşkil edir. Bu isə güzəştli kateqoriya siyahısına aid edilən digər şəxslərin orta gəlirliyi ilə müqayisədə daha yuxarı göstəricidir. Belə olan halda, bu siyahıya neftçilərin daxil edilməsi güzəştli ipoteka kreditlərindən istifadə imkanlarını daha da məhdudlaşdıracaq. Qeyd olunanları nəzərə alaraq, neftçilərin sosial evlərin verilməsi ilə bağlı müəyyənləşdirilmiş güzəştli kateqoriya siyahısına daxil edilməsi ilə bağlı təklif məqsədəuyğun hesab edilməyib”.