Bakı. Cani Babayeva - Trend:
Hər dəfə Milli Gimnastika Arenasında yarışları izləyərkən böyük zövq alırıq.
Bunu Trend-ə idman gimnastikası üzrə Dünya Kubokunun tamaşaçısı Lalə Teymurova deyib.
O bildirib ki, övladı dörd yaşından etibarən idman gimnastikası ilə məşğul olur:
“Onu deyə bilərəm ki, Milli Gimnastika Arenasında idmançılar üçün zəruri şərait yaradılıb. Mən bir valideyn kimi, uşaqlarımız üçün yaradılan şəraitdən çox razıyam. Bunun üçün Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.
Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.
Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.