Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda küçə sənətçisi kimi fəaliyyət göstərmək istəyənlərin seçiminə gələn həftənin əvvəlindən başlanılacaq.
Bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.
Onun sözlərinə görə, küçə sənətçisi kimi fəaliyyət göstərmək üçün BTİM-ə təxminən 15 nəfər müraciət edib. Həmin sənətlərin seçimi təxminən 1 həftə davam edəcək. Sənətçiləri Dövlət Turizm Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhəri üzrə İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin nümayəndələrindən ibarət komissiya üzvləri seçəcək.
R.Bağırov qeyd edib ki, seçim zamanı müsbət rəy alan sənətçilərlə müqavilə bağlanılacaq:
"Seçim bitəndən 1 həftə sonra onlar Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində müəyyən edilmiş 20-25 yerdə çıxış edə biləcəklər. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəməyəcək və qazandıqları bütün vəsaitlər özlərinə qalacaq".
R.Bağırov sənətçilərin iş saatının onların özləri tərəfindən müəyyən ediləcəyini də söyləyib.
O əlavə edib ki, sənətçilər seçilmiş yerlərdə 3 ay ərzində fəaliyyət göstərəcəklər. Üç ay başa çatdıqdan sonra isə onlar müddətin uzadılması üçün yenidən Mərkəzə müraciət edə bilərlər.
Küçə sənətçisi kimi seçim prosesində iştirak etməyən, lakin bu fəaliyyət növü ilə məşğul olan digər şəxslərə gəldikdə, R.Bağırov bildirib ki, onlar yenə də öz fəaliyyətlərini davam etdirə bilərlər:
“Biz yalnız dövlət tərəfindən müəyyən edilmiş ərazilərdə küçə sənətçilərinin fəaliyyət göstərməsinə icazə veririk. Kiminsə istedadı varsa və bizim seçimlərdə iştirak etmək istəmirsə, o, istədiyi yerdə bu fəaliyyətlə məşğul ola bilər. Amma bu halda biz onun məsuliyyətini daşımırıq. Biz yalnız dövlət tərəfindən ayrılan konkret yerlərdə çalışmaq istəyənlər üçün seçim həyata keçiririk”.