...

Bakcell Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat vəsait ianə edib

Cəmiyyət Materials 22 Mart 2020 17:56 (UTC +04:00)
Dünyada koronovirusun yayılması ilə əlaqədar olaraq, Bakcell şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub
Bakcell Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat vəsait ianə edib

Bakı. Trend:

Dünyada koronovirusun yayılması ilə əlaqədar olaraq, Bakcell şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşulub. Şirkət öz abunəçiləri və əməkdaşları ilə yanaşı bütün Azərbaycan vətəndaşlarının sağlamlığına töhfə vermək məqsədilə müxtəlif yaş qruplarını əhatə edən 360 dərəcə kommunikasiya və tədbirlər planı hazırlayıb.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manatlıq ianə

Azərbaycanda ən geniş Korporativ Sosial Məsuliyyət strategiyasına malik şirkətlərdən biri olan Bakcell Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib. Bu məbləğ Şirkətin daxil olduğu NEQSOL Holding tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində fondun hesabına köçürülüb.

Ən son tibbi avadanlıq və ekspress-testlər əldə olunub

Ölkədə COVİD-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etməyə yönəlmiş tədbirləri dəstəkləmək məqsədilə Bakcell Azərbaycana ən son tibbi avadanlıq və vasitələrin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bunun sayəsində süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-test əldə olunub. Bu avadanlıq və vasitələr Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən mərkəzlərə təqdim olunacaq.

#görünməzqəhrəmanlar və karantində olan insanlar üçün xüsusi kampaniya

Bakcell karantində olan vətəndaşlarımızı və onlara qayğı göstərən “görünməz qəhrəmanlar”ı - tibb işçilərini də unutmayıb. Onlar üçün xüsusi sürpriz hazırlayan Bakcell əməkdaşları bu günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir.

Bundan əlavə, Bakcell şirkəti karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərərək onlara öz yaxınları ilə ünsiyyətdə qalmaq imkanı yaradacaq.

Onlayn xeyriyyə marafonu

Bakcell koronovirusla mübarizəyə yönəlmiş digər Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsini də planlaşdırır. Özünün AppLab proqramının dəstəyi ilə yaradılmış Run2Help mobil tətbiqetməsi vasitəsilə şirkət xeyriyyə məqsədləri üçün onlayn marafon keçirəcək. Evdə olduğumuz günlərdə aktiv və sağlam həyat tərzini təbliğ etmək üçün Bakcell gün ərzində atılmış addımları pul vəsaitinə çevirmək və ianə etmək imkanı yaradacaq. Toplanan məbləğ isə Bakcell tərəfindən ediləcək ianə ilə birlikdə şirkətin uzunmüddətli KSM partnyoru olan “SOS Uşaq Kəndləri”nə və digər təşkilatlara köçürüləcək.

Bundan əlavə, Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər KSM təşəbbüsləri üzərində işləyir.

Abunəçi və əməkdaşların təhlükəsizliyi - "evdeqal" tədbirləri

Bütün vətəndaşların və öz əməkdaşların sağlamlığı Bakcell şirkəti üçün prioritet məsələdir. Bu gündən etibarən Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evde qal” çağırışını görəcəklər.

Həmçinin, şirkət öz abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib. Buna baxmayaraq, “Bakcell”in bütün xidmət mərkəzləri lazımi olan dezinfeksiya vasitələri ilə təchiz edilib.

Bundan əlavə, 103 təcili tibbi yardım xidmətinə olduğu kimi, “TƏBİB”in 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.

Bu tədbirlər çərçivəsində Bakcell öz əməkdaşlarına evdən işləmək imkanı təklif edib və ofisə gəlib işləmək istəyən əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün ofislərdə lazımı dezinfeksiya işləri aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti