Bakı. İlhamə İsabalayeva – Trend:
Aprelin 1-dən sonra da işsiz statusu alanlara birdəfəlik ödəmələr veriləcək.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Şöbə müdiri bu ödəmənin verilməsi üçün yalnız aprelin 1-dək deyil, aprelin 1-dən sonra da işsiz statusu alan şəxslərin nəzərdə tutulduğunu açıqlayıb.
Onun sözlərinə görə, bəzən yanlış fikirlər səslənir ki, kim tez müraciət etsə, onun müraciətinə baxılacaq:
"Bu, belə deyil. Müəyyən edilmiş kateqoriyaya aid olan və nə vaxt müraciət etməyindən asılı olmayaraq, aprelin 20-dək uçota alınmış işsiz statusunun daşıyıcıları və digər ödənişlər almayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına 190 manat məbləğində ödənişlərin verilməsi həyata keçiriləcək. Bu şəxslərin sayı 200 minədək ola bilər. Son zamanlar sistem yüklənib. Buna görə də qərar verilib ki, qrafik əsasında müraciətlərin daha tez uçota alınmasını həyata keçirək və eyni zamanda tələb olunan vəsaitlərin həcmini nəzərə ala bilək”.
B.Hüseynov bunu da əlavə edib ki, əgər müraciət edən ər və ya arvaddan – ailə üzvlərindən birinin aktiv əmək müqaviləsi varsa, onlara bu ödənişin verilməsi nəzərdə tutulmayıb.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur.
İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilməyəcək. Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alacaq şəxslərə də şamil olunacaq.