...

Azərbaycanın Pakistandakı Səfirliyi koronavirusla bağlı videokonfransda iştirak edib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2020 17:36 (UTC +04:00)
Azərbaycanın Pakistandakı Səfirliyi koronavirusla bağlı videokonfransda iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi Qlobal və Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi COVİD-19 pandemiyası ilə bağlı təşkil olunan videokonfransda iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, videokonfrans Pakistanın aparıcı beyin mərkəzlərindən biri olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGGS) təşəbbüsü ilə “Avrasiya ölkələri koronavirusa qarşı hansı preventiv tədbirləri görür və onların təklifləri” adı ilə keçirilib.

Konfransda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya, Tacikistanın Pakistandakı səfirləri və diplomatları ilə yanaşı CGGS-in prezidenti, ehtiyyatda olan general-mayor Seyid Xalid Əmir Cefri, CGGS-in icraçı direktoru Xalid Teymur Əkrəm, CGGS-in Məşvərət Şurasının üzvləri, keçmiş müdafiə naziri, ehtiyatda olan general-leytenant Naim Xalid Lodhi, ehtiyatda olan general Axtar Navaz Cancua və digər maraqlı şəxslər iştirak ediblər.

Video konfransda Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə, səfirliyin diplomatları və hərbi attaşesi müzakirələrə qoşularaq Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, ölkəmizdə həyata keçirilən profilaktik və təxirəsalınmaz tədbirlər haqqında məlumatları bölüşüblər.

Azərbaycan Respublikasın Pakistandakı səfiri Əli Əlizadə koronavirus infeksiyasına yoluxma halının dünya ölkələrinə yayılması məlum olduqdan dərhal sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargahın yaradıldığını və vəziyyətin nəzarətə götürüldüyünü, hal-hazırda da vəziyyətin birbaşa ölkəmizin Prezidentinin diqqətində olduğunu bildirib.

Səfir ilk xəstəliyə yoluxma halının Azərbaycanda aşkarlanmasından dərhal sonra bütün təlim-tərbiyə və təhsil müəssisələrinin fəaliyyətinin dayandırıldığını, hazırda televiziya vasitəsilə birbaşa dərslərin yayımına başlandığını, "Virtual məktəb" layihəsinə start verildiyini vurğulamışdır. 5 aprel 2020-ci il tarixdən etibarən isə Azərbaycanda tamamilə karantin rejiminin tətbiq olunduğunu, ölkədə yaşayan yerli və xarici vətəndaşların mağaza və əczaxanalara getmək, səhiyyə müəssisələrini ziyarət etmək və digər zəruri işlərlə əlaqədar yaşayış yerini tərk etmək üçün sms xidməti vasitəsilə icazə almalarının gərəkdiyini, 65 yaşdan yuxarı insanlara evdən çıxmağın qadağan edilərək bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərildiyini bildirib.

Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradıldığını bildirən səfir Əli Əlizadə, ilk olaraq ölkənin prezidenti və birinci vitse-prezidentinin 1 illik əmək haqqlarını bu fonda ianə etdiklərini vurğulayıb.

Səfir hazırda koronavirus xəstələrinin 20-dən artıq dövlət xəstəxanasında müalicə olunduğu, 575 çarpayıdan ibarət müasir "Yeni Klinika" adlı xəstəxananın açılaraq istifadəyə verildiyini, ölkəmizin 3 şəhərində ümumi çarpayı sayı 500-dən artıq üç yeni xəstəxananın, Azərbaycanda daxili tələbatı ödəmək üçün maska istehsalına başlayan müəssisənin də artıq fəaliyyətə başladığını, qısa müddət ərzində isə hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Əli Əlizadə Azərbaycan Hökümətinin təşkilatçılığı və Xarici İçlər Nazirliyinin koordinasiyası ilə indiyə kimi 15 mindən artıq Azərbaycan vətəndaşının başqa ölkələrdən təxliyyə olunduğunu diqqətə çatdıraraq, hökümət tərəfindən koronavirusun yaratdığı iqtisadi və sosial çətinlikləri aradan qaldırmaq üçün bugünədək 2.5 milyard manat vəsait ayrıldığını və dəstəyin davam etdiyini, koronavirusa yoluxmuş insanlara xidmət edən həkimlərin maaşının üç, dörd və beş dəfə artırıldığını qeyd edib.

Səfir Əli Əlizadə Azərbaycan Respublikasının dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar maliyyə yardımı etdiyi və bu pandemiya ilə kollektiv mübarizə və əməkdaşlığın önəmi də konfransda vurğulanıb.
Əli Əlizadə koronavirusun yaratdığı iqtisadi və sosial çətinliklərin aradan qaldırılması yönündə Azərbaycanda həyata keçiriləm bir sıra digər tədbirlər haqqında da məlumat verərək, Pakistanın koronavirusla mübarizədə gördüyü tədbirlərə də toxunub və əməkdaşlığa görə Pakistan Hökümətinə və xalqına təşəkkür edib.

Konfransda həmçinin iştirak edənlərin Azərbaycana və digər ölkələrə aid sualları da çıxışçılar tərəfindən cavablandırılıb və birgə mübarizə təklifləri də dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti