...

Nabil Seyidov: Karantinlə bağlı məhdudiyyətlərin tam götürülməsi yoluxma hallarının kəskin artmasına səbəb ola bilər

Cəmiyyət Materials 17 Aprel 2020 12:05 (UTC +04:00)
Azərbaycanda karantin tədbirlərinin mərhələli şəkidlə yumşaldılması üçün addımlar atılmalıdır, çünki məhdudiyyətlərin birdən-birə tam olaraq, götürülməsi yoluxma hallarının sayının qəfildən kəskin artmasına səbəb ola bilər.
Nabil Seyidov: Karantinlə bağlı məhdudiyyətlərin tam götürülməsi yoluxma hallarının kəskin artmasına səbəb ola bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması üçün addımlar atılmalıdır, çünki məhdudiyyətlərin tam olaraq götürülməsi yoluxma hallarının sayının qəfildən kəskin artmasına səbəb ola bilər.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov deyib.

Onun sözlərinə görə, yoluxma sayında stabil azalma 2-3 həftə ərzində müşahidə edildikdən sonra karantin tədbirlərinin yumşaldılması və ya aradan qaldırılması məsələsinə daha rahat yanaşmaq olar:

“Ciddi karantin tədbirlərinin tətbiqinin faydası çoxdan sübuta yetirilib. Bu, təcrübədir, kiminsə mülahizəsi deyil. Koronavirusla bağlı həm Çinin, həm də digər ölkələrin təcrübəsi göstərir ki, ciddi karantin tədbirləri tətbiq olunduqdan sonra yoluxma hallarının stabilləşməsi və azalması müşahidə edilir”.

N.Seydiov qeyd edib ki, bir çox infeksiyalardan fərqli olaraq, COVİD-19 həm damcı və təmas yolu, həm də hava yolu ilə ötürülür:

“Virus 3 yolla ötürüldüyü üçün ona yoluxma riski daha yüksəkdir. Koronavirusa yoluxmuş şəxslər arasında asimptomatik, yəni simptomlar olmayan dövr uzun çəkə bilər. Bəzən bu müddət 6, 9, 14 gün də davam edə bilər. Bu, o deməkdir ki, karantin olmasa, hərəkət sərbəstliyi əldə edən belə insanlar yoluxma sayını artırarlar. Xəstəliyin insanlar, xüsusilə yaşlılar üçün ölüm riskini nəzərə alaraq, karantin tədbirlərinin tətbiqi vacibdir”.

O əlavə edib ki, Azərbaycanda artıq karantin tədbirlərinin faydası görünür. Aprelin 5-dən sonra ciddi karantin qaydalarının tətbiq olunması nəticəsində aprelin 10-11-dən etibarən infeksiyaya yoluxanların sayında ciddi şəkildə azalma müşahidə edilir. Lakin buna baxmayaraq, monitorinqlər davam etdirilməlidir.

"Azərbaycanda bu günə qədər xəstəliklə mübarizə üçün bütün addımlar düzgün istiqamətdə atılıb. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.

Koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Bu baxımdan COVID-19 zəminində vəziyyət daim dəyişir və qərarlar mövcud vəziyyətə uyğun verilir. Nazirlər Kabineti yanında Operativ Qərargah da aprelin 20-dən sonra hansı addımlar atılması ilə bağlı düzgün qərar verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti